Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı.
Tarixin qanla yazılmış səhifələrindən biri olan Xocalı faciəsi, insanlığın nə qədər dərin yaralana biləcəyinin ən acı sübutudur. 1992-ci ilin fevralında erməni silahlı birləşmələri 613 günahsız insanı qətlə yetirdi. Bu rəqəmlər yalnız statistika deyil, bir xalqın qəlbinə çəkilmiş dərin yaralardır. Lakin bu faciə qarşısında Azərbaycan xalqı heç vaxt eyni vəhşiliklə cavab vermədi, çünki biz bilirdik ki, günahsız mülki insanların qanı heç bir müharibədə qələbə gətirməz, əksinə, insanlığı məhv edər.
Ermənilərin silaha sarılıb uşaq, qadın, qoca demədən törətdikləri cinayətlərə qarşılıq olaraq Azərbaycan dövləti və xalqı qisas yolunu seçmədi. Biz qılıncı qılıncla yox, haqqı sözlə, ədaləti beynəlxalq tribunalarda axtardıq. Məhz bu humanist mövqe nəticəsində bu günə qədər 20-yə yaxın dövlət Xocalı soyqırımını rəsmi səviyyədə tanıdı, dünyanın müxtəlif ölkələrində abidələr ucaldıldı, küçələrə Xocalı adı verildi. Bu, bizim gücümüzün mənəvi tərəfini göstərir: biz düşmənə bənzəmədik, əksinə, insanlıq dəyərlərini qoruyaraq daha da ucaldıq.
Tarix boyu Azərbaycan xalqı heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb, qadınlara, uşaqlara, qocalara toxunmayıb. Bu, bizim milli xarakterimizin ən parlaq cəhətidir. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə rəğmən, Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən də humanist davrandı. 2020-ci ildə Vətən müharibəsi zamanı və 2023-cü ildə antiterror tədbirlərində mülki əhali hədəf alınmadı, beynəlxalq humanitar hüquq normalarına ciddi riayət olundu. Məhz bu fərq bizimlə ermənilər arasındakı ən böyük mənəvi uçurumdur: onlar qadın və uşaq qətli ilə tarixə qara səhifə yazdılarsa, biz ədalət və insanlıqla qələbə çaldıq.
Bu gün Xocalı faciəsinin 34-cü ildönümündə biz təkcə itirdiklərimizi anmır, həm də qürur duyuruq. Qürur duyuruq ki, ən ağır faciələr qarşısında belə insanlığımızı itirmədik, düşmənə bənzəmədik, qisas hissi ilə deyil, ədalət hissi ilə hərəkət etdik. Ermənilərdən fərqli olaraq, biz silahı günahsız körpələrə deyil, işğalçılara qarşı çevirdik. Bu gün müstəqil, güclü Azərbaycanın vətəndaşları olaraq bilirik ki, bizim ən böyük silahımız haqqımızda olan inamımız və insanlığımızdır. Xocalı soyqırımı qurbanlarının xatirəsi və bütün Şəhidlərimizin qarşısında baş əyərək, onların qisasını deyil, ədalətini aldıq. Bu ədalət isə bizi daha da ucaldıb, dünyada söz sahibi olan, humanist dəyərləri qoruyan bir xalqa çevirib.
Zərdab rayonu Otmanoba kəndi kənd sakini-Talıb Talıblı























