Enerji təhlükəsizliyi, regional sabitlik və Avropa institutlarına münasibət: Azərbaycanın aydın mövqeyi
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunulan əsas mövzulardan biri də regional sabitlik, enerji təhlükəsizliyi və Azərbaycanın Avropa institutları ilə münasibətləri oldu. Dövlətimizin başçısı qeyd etdi ki, hər bir ölkə öz sərhədləri boyunca sabitliyin təmin olunmasında maraqlı olmalıdır və Azərbaycan üçün də bu prinsip fundamental əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev yaxın qonşumuz İranla bağlı məsələyə toxunaraq bildirdi ki, ölkəmiz regionda baş verən hər hansı qeyri-sabitlikdən narahatdır. Azərbaycanın daxilində potensial risklərin mövcud olmadığını vurğulayan dövlət başçısı qeyd etdi ki, bütün mümkün təhlükələr kənar mənbələrdən qaynaqlana bilər. Bu səbəbdən Azərbaycan regionda sülhün, sabitliyin və proqnozlaşdırıla bilən mühitin qorunmasını ən böyük sərvət hesab edir. İşğal və müharibənin ağır nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan üçün sülh yeganə inkişaf yoludur.
Müsahibədə enerji məsələlərinə də geniş yer ayrıldı. Bu gün qlobal enerji bazarlarında neftin qiymətinin sabit olması ölkəmiz üçün məqbul səviyyədədir və bu, İran və Venesuelada baş verən proseslərin dünya bazarlarına ciddi təsir göstərmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək və bütün ölkələr regional təhlükəsizliyə öz töhfələrini verəcəklər.
Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları region ölkələrinə ixrac edən yeganə dövlətdir. Bu gün artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixrac edən Azərbaycan boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Ölkəmizin müasir nəqliyyat infrastrukturu, zəngin təbii resursları və etibarlı tərəfdaş imici Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Müsahibədə Avropa Parlamenti ilə münasibətlərə də toxunulub. Prezident İlham Əliyev Azərbaycanın bu qurumun əsassız və qərəzli tənqidlərinə artıq reaksiya vermədiyini qısa və diplomatik şəkildə ifadə etdi. Qeyd olundu ki, Azərbaycan uzun illərdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığı dayandırsa da, Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirir.
Dövlətimizin başçısı xatırladıb ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülhə doğru mühüm addım olub. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Avropa Parlamenti üzvləri gələcəkdə Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim






















