image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-634855431_1460779132068527_5412547558065027211_n

Enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və yaşıl enerji perspektivləri

image-legitimaz-810x90

Enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və yaşıl enerji perspektivləri

 

Səfər çərçivəsində xüsusi diqqət çəkən əsas istiqamətlərdən biri energetika sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Prezident İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” bəyanatı iki ölkə arasında iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu yanaşma münasibətlərin təkcə siyasi deyil, həm də real iqtisadi layihələrlə möhkəmləndiyini təsdiqləyir.

Birgə inşa ediləcək elektrik stansiyası layihəsi strateji əhəmiyyətə malikdir. Bu layihə Serbiyanın daxili enerji istehsal gücünü artırmaqla yanaşı, enerji təhlükəsizliyini möhkəmləndirəcək və regional enerji bazarında mövqelərini gücləndirəcək. Serbiyanın zəngin təbii resurslara malik olmamasına baxmayaraq, aparılan ardıcıl islahatlar nəticəsində ölkədə əlverişli investisiya mühiti formalaşdırılmışdır. Azərbaycanın bu mühitdə fəal investor kimi çıxış etməsi tərəflər arasında iqtisadi etimadın yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və bu həcmin artırılması barədə qərar enerji əməkdaşlığının artıq praktik nəticələr verdiyini nümayiş etdirir. Azərbaycan qazının Serbiyada elektrik enerjisinə çevrilməsi daxili tələbatın ödənilməsi ilə yanaşı, gələcək ixrac potensialının formalaşdırılmasına da xidmət edəcəkdir. Azərbaycanın hazırkı enerji ixrac potensialı və gələcək illər üçün planlaşdırılan əlavə güclər ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır.

Xüsusilə bərpaolunan enerji layihələrinin genişləndirilməsi və yeni transmissiya xətlərinin qurulması Avropa enerji bazarına inteqrasiyanı sürətləndirir. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq həm ənənəvi enerji sahəsində, həm də yaşıl enerji istiqamətində qarşılıqlı faydalı model kimi qiymətləndirilə bilər. Balkan regionu üçün enerji mənbələrinin şaxələndirilməsi strateji prioritet hesab olunur və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin “biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik” fikri münasibətlərin dinamik inkişafını və yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir. Qarşılıqlı səfərlərin intensivliyi və imzalanan sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirir, əməkdaşlığın konkret istiqamətlər üzrə genişlənməsinə zəmin yaradır.

Prezidentin çıxışını “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” sözləri ilə yekunlaşdırması isə münasibətlərin yalnız praqmatik maraqlara deyil, eyni zamanda səmimi dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını nümayiş etdirir.

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini və yeni, çoxşaxəli əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi. Siyasi etimad, qarşılıqlı dəstək, enerji təhlükəsizliyi, investisiya layihələri və yaşıl enerji perspektivləri bu tərəfdaşlığın əsas dayaqlarını təşkil edir. Mövcud geosiyasi reallıqlar fonunda Bakı ilə Belqrad arasında qurulan strateji körpü uzunmüddətli və dayanıqlı perspektiv vəd edir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki