image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20250625-wa0060

ENERGETİKA SAHƏSİ ÖLKƏMİZDƏ UĞURLA İNKİŞAF EDİR

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin müasir inkişaf mərhələsində mühüm hadisələrdən biri kimi tarixə yazıldı. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da əhəmiyyətli bir addımdır. Ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Bu layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Mingəçevir şəhəri İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir. 1945-ci ildə Mingəçevirdə, Kür çayı üzərində Su Elektrik Stansiyasının inşası başlanılır və bu stansiya 1954-cü ildə işə salınır. Sonradan burada su tutumu 16 milyard 300 milyon kubmetr olan Mingəçevir su anbarı istifadəyə verilir. Bundan başqa Mingəçevirdə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası fəaliyyət göstərir. 8 bloklu bu Stansiyanın ümumi gücü 2400 meqavatdır. Beləliklə, “Nur şəhəri” adlandırılan Mingəçevir ölkənin əsas enerji mərkəzinə çevrilir. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi həm enerjiyə olan daxili tələbatının ödənilməsində, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında  əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü ildə imzalanan  “Əsrin müqaviləsi” Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu inam hazırda regional çərçivədən çıxaraq beynəlxalq miqyas alan  əməkdaşlıqda özünün aydın ifadəsini tapır.  Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqların təməlini qoydu. Hazırda Azərbaycanın uğurla inkişaf etdirdiyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritetliyi diqqətdən kənarda qalmadığını görərik. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə  diqqətdədir. Yeni stansiyanın məhz “8 Noyabr” adlandırılması da dərin simvolik mənaya malikdir. Bu tarix Azərbaycanın tarixinə əbədi həkk olunmuş Şuşa Zəfərinin günüdür. Bu addım təkcə mühəndislik layihəsinə ad vermək deyil, həm də milli qürur və qələbə ruhunu enerji ilə vəhdətdə təcəssüm etdirməkdir. Enerji təhlükəsizliyi və suverenlik bir-biri ilə bağlı anlayışlardır. 44 günlük Vətən müharibəsində Azərbaycan necə hərbi və siyasi güc nümayiş etdirdisə, bu gün eyni gücü enerji və iqtisadi sahədə göstərməkdədir.
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın yalnız bu günü üçün deyil, həm də sabahı üçün mühüm baza yaradır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi ölkəmizin qarşıdakı onilliklər üçün davamlı inkişaf modelinə xidmət edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu uğurlar düşünülmüş siyasətin və məqsədyönlü proqramların nəticəsidir. Bu gün Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Beləliklə, ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki