Şəhid və Qazi övladlarının fərdi inkişafına dəstək məqsədi daşıyan ƏMANƏT layihəsi çərçivəsində həyata keçirilən “Arduino Kids” proqramı uğurla yekunlaşıb.
“Xeberaz.info” xəbər verir ki, layihənin əsas məqsədi uşaqlara erkən yaşlarından texnologiya və mühəndislik sahələrinə maraq yaratmaq, onların bacarıqlarını inkişaf etdirmək və gələcək peşə seçimlərində dəstək olmaqdır. Proqram çərçivəsində iştirakçılar yalnız cihazlardan istifadə etməyi deyil, həm də onların iş prinsiplərini anlamağı, proqramlaşdırmağı və idarə etməyi öyrəniblər.
Uşaqlar proqram müddətində:
– Elektrik və elektronika əsaslarını gündəlik həyatla əlaqələndirərək öyrəniblər;
– Arduino mikrokontrollerini praktiki şəkildə proqramlaşdırıblar;
– Kodlamada “if”, “else”, “loop” kimi əsas anlayışları mənimsəyiblər;
– LED-lər, sensorlar və motorlar vasitəsilə qurğular yaradıblar;
– Öz layihələrini ideyadan reallaşdırmağa qədər inkişaf etdiriblər.
Proqramın yekununda iştirakçılar müəllimləri və layihə heyəti ilə birlikdə səhər yeməyi süfrəsi ətrafında toplaşaraq, qazandıqları bilik və bacarıqları müzakirə edib, gələcək planlarını bölüşüblər. Tədbir zamanı uşaqlar təltif olunub, nailiyyətləri qeyd edilib.
ƏMANƏT layihəsi olaraq məqsədi, şəhid və qazi övladlarının intellektual, psixoloji və peşəkar inkişafına dəstək olmaq, onların potensialını üzə çıxararaq cəmiyyətə dəyər qatan fərdlər kimi yetişməsinə töhfə verməkdir.