Əkinçi qəzeti
XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi. XIX əsr Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun”dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Hənifə xanım Məlikovanın göstərdiyi kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır: “Mən ona fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım.” Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının “Əkinçi” olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də “Əkinçi”nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər. Ayda iki dəfə 300-400 tirajla nəşr edilən “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunurdu. 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başladığı zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Bakı qubernatoru həmin il sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən qadağa qoyur. Qəzetin ümumilikdə 56 sayı işıq üzü görür. İlk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Quliyeva Vəfa yusif qızı.