image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ekinci-1536x864-jpg

Əkinçi

image-legitimaz-810x90

Əkinçi

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki