Ədaləti biz özümüz təmin etdik
Xocalı soyqırımı XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilmiş ən ağır və faciəli cinayətlərdən biridir. Bu hadisə təkcə bir şəhərin işğalı və dinc əhalinin qətli deyil, həm də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı bu faciəyə verilən dövlət səviyyəli siyasi, hüquqi və mənəvi qiymətin sistemli ifadəsidir. Dövlət başçısının çıxışında xüsusi vurğulanan əsas məqam məsuliyyət məsələsidir. Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən törədildiyi açıq şəkildə bəyan edilir. Bu yanaşma hadisəni emosional deyil, hüquqi müstəvidə təqdim edir. 600-dən çox mülki şəxsin, o cümlədən qadınların və uşaqların qətlə yetirilməsi beynəlxalq hüquqa görə hərbi cinayət və insanlıq əleyhinə cinayət kateqoriyasına daxildir. Prezidentin çıxışı göstərir ki, Azərbaycan dövləti bu məsələni unutmayıb və unutmayacaq. Əksinə, hüquqi məsuliyyətin təmin olunması istiqamətində sistemli fəaliyyət həyata keçirilmişdir. Müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması dövlət suverenliyinin real təcəssümüdür. Çıxışda Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi qeyd olunması təsadüfi deyil. Bu kampaniya Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Uzun illər ərzində müxtəlif ölkələrdə keçirilən konfranslar, təqdimatlar və nəşrlər Xocalı soyqırımı haqqında obyektiv məlumatın formalaşmasına xidmət etmişdir. İnformasiya müharibəsi müasir dövrdə ən az hərbi mübarizə qədər əhəmiyyətlidir. Əgər Azərbaycan tərəfi fəal mövqe nümayiş etdirməsəydi, erməni təbliğatı beynəlxalq ictimai rəydə təhrif olunmuş təsəvvür yarada bilərdi. Məhz sistemli fəaliyyət nəticəsində bir sıra dövlətlər Xocalı hadisələrini soyqırımı kimi tanımışdır. Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsini ədalətin bərpası prosesinin əsas mərhələsi kimi təqdim edir. Uzun illər davam edən işğal dövründə Azərbaycan həm diplomatik, həm iqtisadi, həm də hərbi sahədə güclənmə strategiyası həyata keçirmişdir. Güclü iqtisadiyyatın qurulması, müasir silah sistemlərinin alınması və peşəkar ordu modelinin formalaşdırılması nəticə etibarilə 2020-ci ildə tarixi Zəfərlə nəticələndi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Bu qələbə beynəlxalq münasibətlər sistemində nadir hadisə kimi qiymətləndirilir. Memorial Kompleksin məhz Xocalıda açılması bu prosesin rəmzi tamamlanmasıdır. Çıxışın mühüm xəttlərindən biri Azərbaycan xalqının əyilməz iradəsidir. 30 il ərzində doğma torpaqlarından didərgin düşmüş insanlar ədalətə və dövlətə inamlarını itirmədilər. Bu inam həm Vətən müharibəsi dövründə, həm də sonrakı mərhələlərdə milli həmrəyliyin əsas dayağı oldu. Memorial Kompleks kollektiv yaddaşın simvoludur. O, gələcək nəsillərə mesaj verir ki, tarix unudulmamalıdır. Unudulan faciələr təkrarlana bilər. Ona görə də güclü dövlətçilik, ayıqlıq və milli birlik daim qorunmalıdır. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğulayır ki, Azərbaycan müharibəni beynəlxalq hüququn qaydalarına uyğun aparmışdır. Mülki əhaliyə qarşı məqsədli hücumların həyata keçirilməməsi ölkənin humanist dəyərlərə sadiqliyini nümayiş etdirir. Bu amil beynəlxalq arenada Azərbaycanın nüfuzunu daha da artırmışdır. Qisas anlayışı burada emosional yox, ədalət kontekstində təqdim edilir. Şəhidlərin qisasının döyüş meydanında alınması tarixi ədalətin təmin olunması kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışı müasir Azərbaycan tarixinin siyasi manifesti kimi dəyərləndirilə bilər. Bu çıxışda ədalət, suverenlik, milli birlik, güclü dövlətçilik və tarixi yaddaş anlayışları vahid konseptual xətt üzrə birləşdirilir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Lakin bu yaddaş artıq yalnız kədər deyil, həm də qürur və dirçəliş simvoludur. Azərbaycan dövləti sübut etdi ki, ədalət gec də olsa təmin olunur. Bu gün Memorial Kompleks yalnız keçmişin xatirəsi deyil, eyni zamanda gələcəyin təminatıdır.
Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov























