“Ədaləti biz özümüz təmin etdik”
Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi və siyasi baxımdan mühüm mesajlar səsləndirmişdir. Dövlət başçısının “Ədaləti biz özümüz təmin etdik.” fikri həm Xocalı qurbanlarının xatirəsinə ehtiramın, həm də Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfərin məntiqi nəticəsinin ifadəsidir. Cənab Prezident bu məsələyə geniş toxunaraq bildirdi ki, “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, müharibə cinayətkarlarını ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim ədalətimizin son nöqtəsi idi”.
1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalır. Günahsız insanların – qadınların, uşaqların, qocaların – amansızlıqla qətlə yetirilməsi beynəlxalq hüququn və insanlıq prinsiplərinin kobud şəkildə pozulması idi. Uzun illər ərzində Azərbaycan dövləti və xalqı bu faciənin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Azərbaycan xalqı heç vaxt bu faciə ilə barışmadı və ədalətin bərpası üçün siyasi, diplomatik və hüquqi mübarizəsini davam etdirdi. Lakin beynəlxalq müstəvidə ikili standartlar və biganə münasibət ədalətin bərqərar olmasını uzun müddət gecikdirdi.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, işğal altında olmuş torpaqların azad edilməsi xalqımızın milli birliyinin və qətiyyətinin təzahürüdür. Bu Qələbə həm də Xocalı qurbanlarının qanının yerdə qalmadığının göstəricisidir. Xocalı Soyqırımı Memorial Kompleksi təkcə faciənin xatirəsini yaşatmır, eyni zamanda gələcək nəsillərə həqiqətləri çatdıran mühüm tarixi yaddaş məkanıdır. Burada əks olunan hər detal Azərbaycan xalqının yaşadığı ağrını, eyni zamanda onun sarsılmaz iradəsini simvolizə edir.
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi






















