image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9a27e478d25d6d212b014d1e9dd057df

“Döyülən təslim olsun, dava bitsin” – ABŞ-nin sülh planının məğzi

image-legitimaz-810x90

Deyirlər, ABŞ Krım və Donbası Rusiyanın bir hissəsi kimi tanımağa hazırdır.

Bunu çəpər başında əllərinə sinəsində çarpazlayaraq kənddə, rayonda, ölkədə, dünyada olub-keçənlərə dair fikir mübadiləsi aparan kənd xalaları və ya gözəlllik salonunda dırnaq yonduran şəhər xanımları demir, məşhur “Axios” nəşri yazır.

“Axios”a görə, ABŞ belə bir “sülh planı” hazırlayıb, Ukraynadakı münaqişənin həlli üçün Krım və Donbası Rusiya əraziləri kimi tanımaq niyyətini izhar edib.

“Sülh planı”nın qısa məzmunu belədir: “Bizdən sizə haray, kömək yoxdur, Rusiya güclüdür, Putin tərsdir, o, geri addım atmayacaq, siz geri çəkilin, ərazinizi verin, sülh olsun”.

Bir az da irəliləsək, Trampın bu mövqeyinin əsaslandırılması gedib dahi şairimiz Hüseyn Cavidin misralarına dirənir: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”.

Əlbəttə ki, Tramp o misalardan xəbərsizdir, amma eyni işi görərək, “Yer üzünü qurtaran dahi” olmaq istəyir.

Yazırlar ki, Vaşinqton və Moskva arasında razılaşdırılmış müqavilə layihəsinə əsasən, Donbas demilitarizasiya zonası kimi tanınacaq, orada nə Ukraynanın, nə də Rusiyanın silahlı qüvvələri olmayacaq.

Kağız üzrəində belə olacaq. Amma biz axı Rusiyanı da, Avropanı da, ABŞ-ni də yaxşı tanıyırıq. Bir müddətdən sonra bir rus diviziyası Donbasa daxil olub, kazarmalara doluşsa, onları oradan geri oturda biləcək?

Ukrayna razılaşmayacaq, Avropa dara-bara salacaq, ABŞ “bu, razılaşmanın pozulmasıdır” deyəcək, amma Kreml dirəşəcək, geri addım atmayacaq.

O vaxt təcrübəli və məşhur şəxslərdən biri deyib ki, Rusiyala ilə saziş su üstünə yazılan yazı kimidir. (Bildiyiniz kimi, su yalnız kristal halda olanda onun üstünə nəsə yazmaq olar, o da gün dəyən əriyər, yazılar silinər).

Adam bu haqq-hesablara baxır, gözəgörünməzə şükür edir ki, nə yaxşı, biz o vaxt hissə qapılıb, qorxub, bizdən tələb olunan şeyləri etməmişik.

Əslində 1993-cü ildən ta 2020-ci ilə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransanın bizdən tələbi də eyniydi, “Qarabağı verin, regionda sülh olsun” deyirdilər. Onlar bunu Tramp kimi qırmızı-qırmızı demirdilər, amma dediklərindən elə çıxırdı.

Bizim həmsədrlərdən ona görə zəhləmiz gedirdi. Görürdük ki, bunlar dillərinin altındakı lobya dənəsini çıxarmırlar, ağızlarında fırlayıb dururlar, “müharibənin hərbi yolla həlli yoxdur”, “tərəflər qarşılıqlı güzəştlərə getməlidirlər” deyirdilər.

Biz Qarabağın ermənilər yaşayan dağlıq hissəsinə dünyada misli-bərabəri olmayan ən yüksək status vəd edirdik, ermənilər razılaşmırdı, “Aland adalarının statusu kimi bir status verə bilərik” deyirdik, Köçəryan deyirdi, elə şey yoxdur.

Bizim güzəşt limitimiz qurtarmışdı, ermənilər isə bir kəndi belə güzəştə getmək istəmirdilər, Ohanyan deyirdi, qan töküb almışıq, Sarkisyan deyirdi, Bakı elə eləməsin ki, hücum edib daha 3-4 rayon alaq.

Həmsədrlər də regiona gəlir, yeyib-içir, gəzir, bir həftə dincəlir, bizə “Qarabağı de-fakto itirmisiz, de-yure də ermənilərə versəniz, sülh olar” eyhamı edir, ermənilərə isə “Bakı tərslik edir, görək onları necə yola gətiririk” vədi verir, rədd olub gedirdilər.

ATƏT-in Minsk qrupunun “sülh planı” beləydi.

İndi görürük ki, ABŞ eyni fəndi Ukraynaya tətbiq edir.

Bəs o vaxt Hitlərin əsgəri gəlib Mozdoka dirənəndə, Leninqradı mühasirədə saxlayanda, Moskvaya durbinlə baxanda ABŞ və İngiltərə Stalinə desəydilər ki, ta nə edək, Hitler tərsin biridir, siz də torpağınızı müdafiə edə bilmirsiniz, qoy alman nasistlərinin tutduğu yerlər onlara qalsın, müharibəni bitirək, sülh əldə edək, o zaman necə olardı? Stalin razılaşardımı? Hitler işğal etdiyi yerlərlə qane olardımı?

Dünya ağalığı eşqinə düşmüş Hitler bəlkə də nəfəs dərmək, vaxt qazanmaq üçün müvəqqəti olaraq belə bir sazişə qol qoyardı, amma 6 aydan sonra yenə hücum edərdi.

Ruzvelt və Çörçill bunu bildikləri üçün Hitlerlə sazişə getmədilər, onu öz dövlətlərinin təhlükəsizliyinə təhdid gördülər və köməkləşib Hitleri məğlub etdilər.

Hazırda isə ABŞ aqressor tərəfin əl-qolunu sarımaq əvəzinə, ona toparlanmaq üçün vaxt vermək istəyir. Danışanda da deyirlər ki, hərbi əməliyyatların davam etməsi Ukrayna üçün daha böyük itkilərə səbəb olacaq.

Elədirsə, hücuma məruz qalan tərəfə kömək etmək lazımdr ki, həm itkisi çox olmasın, həm də hücum edən tərəf öz qəlibinə yığışsın.

Bu sülhpərvərlik deyil, bu hozuluq edən meydan vermək, “istədiyini döyə bilərsən” deməkdir.

Hələ arsız-arsız “indi top Zelenskinin meydanındadır” deyirlər. Zelenskinin meydanında olan isə təkcə top deyil, “İsgəndər”, “Oreşnik” kimi raketlərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki