Dövlətin strateji fəaliyyət istiqamətləri
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə ölkəmizin müstəqilliyi dövründə ilk Konstitusiyasını qəbul etdi. Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış yeni Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verdi. Ümumiyyətlə, cəmiyyətdə siyasi və ictimai sabitliyin, ümumi razılığın, hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar müasir dövlətlərin hüquq sistemində mühüm yer tutur. Vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, demokratik, hüquqi dövlət və ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, bütövlükdə dövlətin fəaliyyət konsepsiyasını və gələcək prioritetlərini müəyyənləşdirən konstitusiyalar bütün dövlətlərin əsas qanunu kimi çıxış edir.
Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur. Konstitusiya, həmçinin ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik nailiyyətlərin qorunmasına xidmət edir. Təsadüfi deyildir ki, siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi və insan fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən konstitusiyalar bu və ya digər dövlətin hüquq sistemində ən ali yer tutur. Müasir demokratik dövlətlərin qanunvericilik sistemlərinin əsası olan konstitusiyaları bütün digər hüquqi aktlardan fərqləndirən səciyyəvi xüsusiyyətlər mövcuddur. Bunların sırasında konstitusiyaların xalq tərəfindən qəbul edilməsi, təsisedici mahiyyət daşıması, cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi, aliliyi və ən yüksək hüquqi qüvvəsi, qəbul olunması və onlara əlavə və dəyişikliklərin edilməsinin xüsusi qaydasının nəzərdə tutulması kimi xüsusiyyətləri sadalamaq mümkündür. Konstitusiya təsisedici mahiyyət daşıyır və konstitusiya tənzimləməsi ictimai münasibətlərin bütün sahələrini əhatə edir. Konstitusiyanın təsisedici mahiyyəti həm də onun dövlət, cəmiyyət və şəxsiyyət arasındakı münasibətlərin əsasını təşkil etməsində, dövlətin və cəmiyyətin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən etməsində özünü göstərir. Konstitusiya dövlət hakimiyyəti orqanlarının və konstitusiya hüququnun digər vacib subyektlərinin hüquq və vəzifələrini əks etdirir və bununla da, onların Əsas Qanunun ümumi konsepsiyasına müvafiq fəaliyyətini istiqamətləndirmiş olur. Konstitusiyanın hazırlanması prosesinə çoxsaylı siyasi, iqtisadi, sosial, tarixi, beynəlxalq-hüquqi amillər, xalqın tarix boyu formalaşmış dövlətçilik ənənələri təsir göstərir. Qeyd edildiyi kimi, Konstitusiya bütün digər normativ hüquqi aktlardan fərqli olaraq, hərtərəfli xarakter daşıyır və cəmiyyət həyatının bütün sahələrini – siyasi, iqtisadi, sosial, mənəvi və digər sahələrini əhatə edərək, həmin sahələrdə ictimai münasibətlərin mühüm, fundamental əsaslarını tənzimləyir. Konstitusiya bütün digər qanunlardan daha çox cəmiyyətə, xalqa, sosial qruplara, ümumilikdə vətəndaşa ünvanlanır.
Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru






















