Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir – yəni vahid mərkəzdən.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, eləcə də Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi (4SİM Azərbaycan) ölkənin 2024-2030-cu illər üçün rəqəmsal iqtisadiyyat strategiyasını formalaşdırmaq istiqamətində addımlar atılar. Texnoloji tərəqqi və qlobal çağırışlara, eləcə də Azərbaycanın inkişaf dinamikasına uyğun hazırlanmış bu strategiya iqtisadiyyatı biznes, cəmiyyət və dövlət istiqamətləri üzrə hərtərəfli transformasiya etməyi hədəfləyir. Strategiyanın missiyası sahibkarlar, vətəndaş cəmiyyəti və dövlət qurumları arasında əlaqəni möhkəmləndirməklə çağırışlara cavab vermək üçün birgə və çevik qərar qəbuletməni təşviq etməkdir. Bundan əlavə, strategiya rəqəmsal iqtisadiyyata keçidi fonunda Azərbaycanın regional və beynəlxalq mövqeyini gücləndirməyi hədəfləyir. Rəqəmsal transformasiya iqtisadiyyat üçün də yeni üfüqlər açır. Rəqəmsal hökumətə keçid konsepsiyasının əsas alətlərindən biri olan “mygov” rəqəmsal hökumət platforması üzrə istifadəçi bazası kəskin genişlənib. Platformaya həm veb, həm də mobil tətbiq üzərindən qoşulan vətəndaşların sayı 2 milyon nəfəri ötüb. Təkcə ötən il 1 milyondan çox vətəndaş platformada qeydiyyatdan keçib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə iki dəfədən artıq artım deməkdir. Müntəzəm olaraq sistemə daxil olan və rəqəmsal xidmətlərdən istifadə edən aktiv istifadəçilərin sayı 800 min nəfərə çatıb. Platformada təqdim olunan rəqəmsal xidmətlərin sayı 400-ü ötüb. Onlardan 37-si tamamilə yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Bu xidmətlərə müraciətlərin sayı ötən il 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 minə yaxınlaşıb. Bu rəqəmlər rəqəmsal həllərin artıq alternativ deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir. Rəqəmsal etimad mühitinin formalaşmasında “SİMA” biometrik rəqəmsal imza sistemi də mühüm rol oynayıb. Vətəndaşlar və sahibkarlar “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanı qazanıb. Sənəd dövriyyəsində çevikliyi artırmaq məqsədilə tətbiq edilən yeni QR paylaşım funksiyası isə imza səlahiyyətlərinin təhlükəsiz şəkildə, birdəfəlik əsasda digər şəxslərə yönləndirilməsinə imkan yaradıb. “SİMA”nın İnternet Vergi İdarəsi ilə inteqrasiyası nəticəsində daha 30-a yaxın elektron vergi xidmətindən “SİMA İmza” vasitəsilə istifadə mümkün olub, vahid vergi bəyannaməsinin təqdim edilməsi prosesi sadələşdirilib. Dövlət qurumlarının informasiya sistemlərinin “Hökumət buludu”na (“G-cloud”) miqrasiyası da davam etdirilir. Bir sıra qurumların İT sistemləri tam şəkildə, digərlərinin isə qismən “G-cloud”a köçürülüb. Bu addımlar informasiya təhlükəsizliyinin gücləndirilməsi və xərclərin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda rəqəmsallaşma sahəsində əldə olunan nəticələr beynəlxalq səviyyədə də diqqətdən kənarda qalmayıb. BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nda Azərbaycan kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bəndi, sərhədlərarası kağızsız ticarət üzrə isə 50 faiz bənd irəliləyib. Ölkə icra performansına görə 7-ci mövqedə qərarlaşıb və regional təsnifat üzrə Şimal və Mərkəzi Asiya, eləcə də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında lider mövqe tutub.
Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri






















