“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi.
Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə ikili standartları ardan qaldırdı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu, bunla da suverenliyimiz təmin olundu. 44 günlük Vətən savaşında ermənilərin aldıqları cəzalara baxmayaraq onlar öz mənfur, xəyanətkar əməllərindən əl çəkmədilər. Vaxtaşırı olaraq separatçıların cəmləşdikləri Xankəndi istiqamətindən Şanlı ordumuza qarşı təxribatlar həyata keçirdilər. Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər. Bu da Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı erməni terrorçularının zərərsizləşdirilməsi üçün antiterror əməliyyatlar keçirməyə sövq etdi. Beləliklə 2023-cü ilin 19 sentyabrında əməliyyatlar başladı və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Separatçılar ağ bayraq qaldırıb təslim oldular. Qarabağda həyata keçirilən antiterror əməliyyatları dünya hərb tarixinin mükəmməl örnəyi olmaqla yanaşı, suverenliyimizin bərpası, həm də erməni işğalına qarşı mübarizənin nidası oldu. Eyni zamanda, bu qələbə tarixləri Xalqla Liderin birliyi, həmrəyliyi və gücünün göstəricisi oldu. Belə bir qəhrəmanlıq səlnaməsinin tarixi gün kimi qeyd olunması isə gələcək nəsillərə bir töhfədir. Bu qürürverici anları, tarixi günü Prezident cənab İlham Əliyev imzaladığı Sərəncamla əbədiləşdirdi. 2024-cü il 19 sentyabr tarixində Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başladı. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin kulminasiyasıdır.
Müstəqilliyin qorunması hər bir dövlətin əsas prioritetlərindən biridir və bu baxımdan Dövlət Suverenliyi Günü Azərbaycanın beynəlxalq arenada özünü müstəqil, güclü və sabit bir dövlət kimi təqdim etməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün, həmçinin, Azərbaycan xalqının birliyi və dövlət qurumlarının möhkəmləndirilməsi, milli suverenliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə qeyd olunacaq. Azərbaycanın geosiyasi mövqeyi, enerji resurslarına malik olması və regionda mühüm strateji rol oynaması ölkənin suverenliyini qorumaq və müdafiə etmək üçün xüsusi diqqət tələb edir. Bu baxımdan Dövlət Suverenliyi Günü yalnız tarixi bir hadisə deyil, həm də Azərbaycanın beynəlxalq arenada öz yerini gücləndirmək və milli maraqlarını qorumaq üçün vacib bir simvoldur .
Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 20 sentyabr Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Bütün dünya azərbaycanlıları artıq qürurla Dövlət Suverenliyi Gününü qeyd edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şaddır. Suverenliyimiz də müstəqilliyimiz kimi əbədi və dönməz olacaqdır.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə