image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-247688-780x470-1

Dövlət dili uğrunda ardıcıl mübarizə aparanUlu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

image-legitimaz-810x90

Dövlət dili uğrunda ardıcıl mübarizə aparanUlu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.

Ana dili hər bir xalqın milli-mənəvi bütövlüyünü, kimliyini və dövlət müstəqilliyini müəyyən edən fundamental əsaslardan biridir. Lakin bu dəyərli varlığımız tarix boyu zamanın sərt sınaqlarına məruz qalmış, onun inkişafına müxtəlif dövrlərdə süni əngəllər yaradılmışdır.Xüsusilə SSRİ dövründə – 1970-ci illərin ortalarından etibarən, mərkəzi ideoloji xətt milli dillərin deyil, “vahid sovet xalqı” anlayışının irəli çəkilməsini tələb edirdi. Bu anlayışın fonunda milli dillərin sıxışdırılması, ikinci plana keçməsi açıq bir siyasi tendensiyaya çevrilmişdi. SSRİ Konstitusiyası və rəsmi sənədlərdə milli dillərin inkişafı hüquqi baxımdan qeyd edilsə də, reallıqda bu hüquqlar nominal xarakter daşıyırdı. Təhsil, kütləvi informasiya vasitələri və rəsmi yazışmalarda rus dili dominant mövqedə idi.Hətta milli respublikaların rəhbərləri də dil məsələsində sərbəst mövqe sərgiləməkdə acizlik nümayiş etdirirdilər. Ana dili məsələsini qaldırmaq, bir növ “millətçiliyin təzahürü” kimi damğalanır, belə təşəbbüslərlə çıxış edən ziyalılar repressiyalara məruz qalırdılar. Bu dövrdə milli dil haqqındadanışmaq, mübarizə aparmaq sadəcə siyasi deyil, eyni zamanda, mənəvi cəsarət tələb edən bir davranış idi. Belə ağır və təhlükəli bir şəraitdə Ulu Öndər Heydər Əliyev xalqımızın milli kimliyinin əsas rəmzi olan ana dilinə sahib çıxmağı, onu qorumağı və inkişaf etdirməyi öz siyasi fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirdi. Heydər Əliyev ana dili məsələsində sarsılmaz mövqe sərgilədi və bu mövqe heç zaman heç bir təzyiqə tabe olmadı. Onun təşəbbüsü və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəası daxil edildi. Bu, o dövrün siyasi reallıqları kontekstində misilsiz və riskli bir addım idi. Ulu Öndər bu addımı atmaqla Azərbaycan xalqının milli-mədəni suverenliyini müdafiə edən ilk böyük siyasi qalanın  təməlini qoydu. Bu, həm də gələcəkdə Azərbaycan dilinin hüquqi statusu üçün mühüm baza rolunu oynadı. Bu təşəbbüs göstərdi ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın qoruyucusudur. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası qarşısında dayanan əsas vəzifələrdən biri də dövlət dilinin statusunu tam hüquqi müstəviyə çıxarmaq və bu dili ictimai-siyasi həyatın bütün sahələrində tətbiq etmək idi. Bu istiqamətdə ən mühüm addımlardan biri 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası oldu. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi və bununla da ana dilimizə dövlət səviyyəsində hüquqi zəmanət verildi. Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci il 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə aparılan işlərin sistemli və ardıcıl xarakter almasına zəmin yaratdı. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası təsis olundu və bu qurum Azərbaycan dilinin normativ əsaslarının qorunması, ədəbi dilin saflığının təmin olunması sahəsində mühüm rol oynamağa başladı. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli digər bir Fərmanı ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarixin təsadüfi seçilmədiyi bəllidir. Latın qrafikalı yeni əlifbanın rəsmi istifadəyə verilməsi və bununla da xalqımızın milli-mədəni yaddaşına əsaslanan müstəqil dil siyasətinə keçidi məhz bu gün simvollaşdırır. Hər il 1 avqust- Azərbaycan Əlifbası  və  Azərbaycan Dili Günü kimi qeyd edilməsi sadəcə simvolik deyil, həm də maarifləndirici və mənəvi mahiyyət daşıyan qərardır. Dil gününün təsis edilməsi ilə həm də xalqın diqqətinin dilə yönəldilməsi, ictimai məsuliyyətin gücləndirilməsi, maarifləndirici tədbirlərin təşviqi hədəf seçilmişdi. Bu qərar Heydər Əliyevin dilə verdiyi yüksək dəyərin daha bir sübutudur.

 Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki