image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-heydar-aliyev_1492606718

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

image-legitimaz-810x90

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Qədim tarixə malik olan, əsrlərdir xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz  min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə qədər gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb və bayraq kimi müqəddəsdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən 70-ci illərə qədər əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi isə qeyri-mümkün idi. Dövlət tərəfindən isə bu məqsədlə hər hansı bir tədbir görülmürdü. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar isə Sibirə sürgün olunurdular. Respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu məsələ onların sonunu gətirə bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ümummilli Liderimiz SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq məhz ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu Öndərin bu fikirləri, əslində, ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyırdı. Ulu Öndər yaranmış ağır vəziyyətə baxmayaraq,  Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll etdi. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir əlavənin edilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə, Azərbaycanın Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.  Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ kommunist ideologiyasının hökmranlıq etdiyi bir dövrdə görkəmli dövlət xadimi deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki