Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.
Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Sovet dönəmində Azərbaycan dilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb. Ümummilli Liderimiz rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. O, öz çıxışlarının birində demişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.”
Ulu Öndər Heydər Əliyev: “Dövlət dilimiz, ana dilimiz – Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Bahar Qurbanova-Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı