Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar tarix Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunaraq, təkcə əlifbamıza qayıdışın rəsmi bayramı deyil, həm də ana dilimizə olan dərin ehtiramın və milli yaddaşımızın mübarək simvoluna çevrilib. Dilimizi qorumaq, zənginləşdirmək və onu sonrakı nəsillərə təmiz və bütöv şəkildə ötürmək həm keçmişə minnətdarlıq, həm bu günə ehtiram, həm də gələcəyə dair bir öhdəlikdir. Çünki ana dilini yaşatmaq, xalqı yaşatmaqdı. Tarix sübut edib ki, ana dili hər bir xalqın milli-mənəvi bütövlüyünü, kimliyini və dövlət müstəqilliyini müəyyən edən fundamental əsaslardan biridir. Lakin bu dəyərli varlığımız tarix boyu zamanın sərt sınaqlarına məruz qalmış, onun inkişafına müxtəlif dövrlərdə süni əngəllər yaradılmışdır. Xüsusilə SSRİ dövründə – 1970-ci illərin ortalarından etibarən, mərkəzi ideoloji xətt milli dillərin deyil, “vahid sovet xalqı” anlayışının irəli çəkilməsini tələb edirdi. Bu anlayışın fonunda milli dillərin sıxışdırılması, ikinci plana keçməsi açıq bir siyasi tendensiyaya çevrilmişdi. SSRİ Konstitusiyası və rəsmi sənədlərdə milli dillərin inkişafı hüquqi baxımdan qeyd edilsə də, reallıqda bu hüquqlar nominal xarakter daşıyırdı. Təhsil, kütləvi informasiya vasitələri və rəsmi yazışmalarda rus dili dominant mövqedə idi. Hətta milli respublikaların rəhbərləri də dil məsələsində sərbəst mövqe sərgiləməkdə acizlik nümayiş etdirirdilər. Ana dili məsələsini qaldırmaq, bir növ “millətçiliyin təzahürü” kimi damğalanır, belə təşəbbüslərlə çıxış edən ziyalılar repressiyalara məruz qalırdılar. Bu dövrdə milli dil haqqındadanışmaq, mübarizə aparmaq sadəcə siyasi deyil, eyni zamanda, mənəvi cəsarət tələb edən bir davranış idi. Belə ağır və təhlükəli bir şəraitdə Ulu Öndər Heydər Əliyev xalqımızın milli kimliyinin əsas rəmzi olan ana dilinə sahib çıxmağı, onu qorumağı və inkişaf etdirməyi öz siyasi fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirdi. Heydər Əliyev ana dili məsələsində sarsılmaz mövqe sərgilədi və bu mövqe heç zaman heç bir təzyiqə tabe olmadı. Onun təşəbbüsü və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəası daxil edildi. Bu, o dövrün siyasi reallıqları kontekstində misilsiz və riskli bir addım idi. Ulu Öndər bu addımı atmaqla Azərbaycan xalqının milli-mədəni suverenliyini müdafiə edən ilk böyük siyasi qalanın təməlini qoydu. Bu, həm də gələcəkdə Azərbaycan dilinin hüquqi statusu üçün mühüm baza rolunu oynadı. Bu təşəbbüs göstərdi ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın qoruyucusudur.
Veteran müəllim Vəfadar Niftəliyev