Dinc əhaliyə qarşı törədilmiş cinayətlər.
31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə düşərək, XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş kütləvi qırğınların xatirəsini yaşadır. Bu hadisələr təkcə bir millətə qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş ağır cinayətlər kimi qiymətləndirilir.1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr zamanı Bakı, Şamaxı, Quba və digər bölgələrdə minlərlə dinc azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir. Xüsusilə Quba və Şamaxı ərazilərində törədilən qırğınlar öz miqyasına və qəddarlığına görə yadda qalmışdır. Kəndlər yandırılmış, tarixi abidələr dağıdılmış, qadınlar, uşaqlar və yaşlılar belə vəhşicəsinə öldürülmüşdür. Bu faktlar bir daha göstərir ki, hadisələrin əsas hədəfi məhz dinc əhali olmuşdur.
Araşdırmalar nəticəsində üzə çıxan kütləvi məzarlıqlar, xüsusilə Quba Soyqırımı Memorial Kompleksi ərazisində tapılan sübutlar həmin dövrdə törədilmiş cinayətlərin miqyasını açıq şəkildə nümayiş etdirir. Bu tapıntılar yalnız tarixçilər üçün deyil, bütün dünya ictimaiyyəti üçün mühüm faktoloji əsas rolunu oynayır. Dinc əhaliyə qarşı törədilmiş bu cür cinayətlər beynəlxalq hüquqa görə soyqırımı və insanlıq əleyhinə cinayətlər kateqoriyasına daxildir. Bu baxımdan, həmin hadisələrin dünya miqyasında tanıdılması və hüquqi-siyasi qiymət alması böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirir.
Bu gün 31 mart təkcə keçmişin xatırlanması deyil, həm də gələcək nəsillərə sülh, tolerantlıq və insanlıq dəyərlərinin aşılanması baxımından mühüm mesajdır. Tarixdən nəticə çıxarmaq, belə faciələrin bir daha təkrarlanmaması üçün ən vacib addımdır.
Unutmaq olmaz ki, dinc əhaliyə qarşı törədilmiş hər bir cinayət, harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq, qətiyyətlə pislənməli və beynəlxalq səviyyədə qarşısı alınmalıdır. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü bu həqiqətləri bir daha xatırladır və insanlığı ədalət uğrunda birliyə çağırır.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov
























