ABŞ prezidenti Donald Trampın bir qəribə xasiyyəti var: bütün münaqişələrin arbitri olmaq istəyir.
Əslində bu, bəd xasiyyət sayılmaz, necə olsa da, adam münaqişə tərəfləri arasında sülh yaratmağa, ixtilafın qanlı qırğınlara qədər irəliləməsinə mane olmağa çalışır.
Ancaq bu məsələdə iki naqis cəhət var. Birincisi odur ki, Tramp münaqişə tərəflərinin hansının haqlı, hansının haqsız olmasına önəm vermir, hər ikisinə “yola gəlmələri” üçün təzyiq edir.
İkinci neqativ hal da odur ki, Tramp öz “sülhməramlı”lığını çox şişirdir, münaqişənin fövqünə qoyur, bu müstəvidə geniş PR kampaniyası aparır, çox və tox danışır – hər şeyi özü düzüb-qoşubmuş kimi.
Söz yox, o dünyanın ən qüdrətli ölkəsinin prezidentidir, ancaq onun özünü gerçəkdən “dünya prezidenti” kimi aparması heç də həmişə uğur gətirmir.
Son 7 ayda Tramp Rusiya-Ukrayna, İsrail-Qəzza, Hindistan-Pakistan, Tayland-Kamboca münaqişələrinin arbitri olmaq, savaşan tərəflərə ağsaqqallıq etmək” istəyib, ancaq bunların ikisində onun səyləri müsbət nəticə verib, ikisində də isə cənabın sözünü yerə salıblar.
Hindistan və Pakistan, eləcə də Tayland və Kamboca rəhbərləri Trampın sözünü eşidərək, yeni başlatdıqları müharibəni yarımçıq saxlasalar da, eyni şeyi İsrail və Qəzza, Rusiya və Ukrayna liderləri etmədilər.
Bəlkə də Putin bundan sonra da atəşkəs rejiminə sırf Trampın dediyi olmasın, o özünü hər kəsə söz keçirən lider hesab etməsin deyə riayət etməyəcək.
Bir də ABŞ prezidentin İsrail-İran savaşına münasibəti maraqlı oldu. O, bu müharibəyə birbaşa müdaxilə etdi, savaş tərəfinə çevrildi, öz beynəlxalq sülhpərvərlik missiyasını zərbə altına qoydu, bununla belə, savaşın dayandırılmasını da təmin etdi.
Sual yarana bilər ki, “dünyanın 1 nömrəli sülhpərvəri” statusunu qazanmaq Trampın nəyinə lazımdır? Bir çoxlarının ağlına dərhal Trampın Nobel Sülh Mükafatına iddiası gələcək.
Bu fikirdə həqiqət ola bilər. Onun belə bir iddiası doğrudan da var. Elə Pakistan, Hindistan, Kamboca və Tayland rəhbərləri də bunu bildikləri üçün Trampı məşhur sülh mükafatına namizəd göstərdiklərini bəyan ediblər.
Ancaq Trampa bu mükafatın maddi qoşması lazım deyil. O milyarderdir və milyarder dostları da çoxdur, istəsə, maddi fondu qat-qat böyük olan mükafatlar təsis edər, xoşuna gələn məşhur xadimlərə paylayar.
Trampa Nobel Sülh Mükafatının quru şöhrəti bəsdir. O, özünü bu mükafatı almış ABŞ prezdentlərinin cərgəsində görür.
3-4 ay əvvəl o, hətta öz barelyefinin Raşmor dağına həkk olunmasına dair təşəbbüslə çıxış etmişdi. Cənubi Dakota ştatındakı Raşmor dağındakı qayalara ABŞ-nin dörd eks-prezidentinin barelyefləri həkk olunub. Bunlar Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolndur. Tramp beşinci olmaq istəyir.
Barelyeflər 1927-1941-ci illər arasında yaradılıb və hər birinin hündürlüyü təxminən 18 metrdir. Tramp həmin dağda xam qayalar görüb və hesab edir ki, öz sülhpərvərlik fəaliyyəti ilə, eləcə də “Amerikanın yenidən böyük etmək” təşəbbüsü ilə dağ heykəli olmağa layiqdir.
Hazırda o daha bir münaqişənin çözülməsinə arbitrlik etmək əzmindədir. Bu məqsədlə Tramp Azərbaycanın dövlət başçısı İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Vaşinqtona, Ağ Evə dəvət edib.
Bundan əvvəl Tramp Ermənistan və Azərbaycanın arasındakı razılaşmaları “möcüzəvi” adlandırmışdı. Elə çıxa bilər ki, işin bu yerə çatmasında onun müstəsna rolu var.
Həqiqət isə belədir: Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsinə 5 il öncə, noyabrın 9-da son qoyulub. O zaman daha bir neçə gün qolumuzu tutanlar olmasa, məsələ tamam həll olunacaq, 2023-cü ilin sentyabrındakı 1 sutkalıq xüsusi əməliyyata da ehtiyac olmayacaqdı.
32 ildən artıq davam edən, ən azı 3 böyük dövlətin vasitəçiliyi ilə çözülməyən, hətta daha da dolaşan “Qarabağ kələfi” dövlət başçısı İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti sayəsində 44 gün ərzində çözüldü.
Rusiyanın 10 noyabrda tez-tələsik araya girməsi döyüləni əlimizdən almaq, münaqişəni yenidən dondurmaq cəhdi idi. Kreml buna nail oldu, amma mövqeyində ardıcıl olmadı.
Azərbaycan rəhbərliyi hələ 2020-ci ilin noyabrında bilirdi ki, 5 ilə qalmayacaq, Rusiya nın hərbi kontingenti də, Ermənistan ordusunun qalıqları da Qarabağın dağlıq hissəsini tərk edəcəklər və nifaq ocağı söndürüləcək.
Təbii ki, bu prespektivə inanmayanlar, “hanı Xankəndi, hanı Xocavənd, hanı Xocalı, hanı Ağdərə” deyə arası kəsilmədən sual yağdıranlar da vardı. Zamanı gəldi, o suallara cavab verildi. Hazırda Xankəndidəki universitetin azərbaycanlı tələbələri ikinci kursa keçiblər.
Yəni Tramp artıq sona çatmış münaqişəyə hakimlik etməyə çalışır. Müharibə qurtarıb, münaqişə yatışıb, tərəflərin bir-birinə qarşı böyük, ciddi iddiaları qalmayıb, sadəcə, demarkasiya işləri ilə bağlı zamanla çözüləcək xırda məsələlər qalıb. Onları da araya girənlər olmasa da, Ermənistan və Azərbaycan rəhbərləri həll edəcəklər.
Sadəcə, Trampın bu tarixi ixtilafa yekun töhfəsi o ola bilər ki, onu birdəfəlik möhürləyib arxivə göndərə, tərəfləri, daha dəqiqi, Ermənistanı bir daha bu dəftəri açmamağa razı sala bilər.
Bununla belə, Trampın dövlətlərarası münaqişələrə münasibəti Putininkindən fərqlənir. ABŞ prezidenti səmimi şəkildə müharibələrin dayandırılmasını istəyir, Rusiya prezidenti isə öz ölkəsinə sərfəli olacağı təqdirdə müharibələrin davam etməsini məqsədəuyğun bilir.
Qarabağ münaqişəsinin 30 ildən çox həll olunmamasının əsas səbəbi də bu idi: Rusiya bu ixtilafın nəinki ədalətlə, ümumiyyətlə, çözülməsini istəmirdi.
Uzun sözün kəsəsi, Dəlidağa sülh gətirən adam Tramp deyil, və buna görə hansısa dağda onun heykəlini yonmağa ehtiyac yoxdur. Ölkəmizin baş komandanı və digər komandanları o sülhü regiona yumruq gücünə gətiriblər və adlarını ölkənin tarixinə və xalqın qəlbinə əbədi yazdırıblar.
Araz Altaylı, Musavat.com