image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-eliyev-yeni

Dayanıqlı inkişafa səbəb olmuş islahatlar

image-legitimaz-810x90

Dayanıqlı inkişafa səbəb olmuş islahatlar.

1991-ci ildə müstəqillik əldə olunandan sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. 1998-ci ildə senzuranın ləğvi Azərbaycan tarixində mühüm hadisə kimi qeydə alındı. Bu qərar söz və ifadə azadlığının təmin olunmasında yeni bir mərhələnin əsasını qoydu. Mətbuatla bağlı qanunvericilik bazası təkmilləşdirildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi, media sahəsində fəaliyyət göstərən qurumlara dəstək artırıldı. “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” deyən Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına həmişə diqqət yetirib. Bu il Azərbaycan milli mətbuatının təməl daşının qoyulmasının – “Əkinçi” qəzetinin işıq üzü görməsinin 150 illiyidir. Bu, təkcə bir mətbuat orqanının yubileyi deyil; bu, milli düşüncənin, azad fikrin, milli kimliyimizin formalaşması və inkişaf tarixinin, böyük bir yolun yubileyidir. Maarifçilik hərəkatının “Əkinçi” ilə başlaması çox dəyərli və milli bir tarixdir. 1875-ci ilin iyulunda görkəmli maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti xalqın maarifləndirilməsi, milli şüurun oyadılması və azad fikir carçısına çevrildi. Cəmi 56 sayı çıxsa da, “Əkinçi”nin təsiri böyük oldu; o, milli mətbuatımızın təməlini qoydu, xalqı milli dəyərlərə, tərəqqiyə və öz kökünə bağladı. Çar senzurası qəzetin fəaliyyətini dayandırsa da, ideyaları yaşadı və yeni nəşrlərə yol açdı. “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz” və digər qəzet və jurnalların fəaliyyəti milli oyanışın geniş vüsət almasına səbəb oldu. Bu nəşrlər təkcə maarifçilik deyil, həm də milli istiqlal ideyalarının yayılmasında mühüm rol oynadı. Rus dilində çıxan “Kaspi” qəzeti də Həsən bəy Zərdabinin ideyalarını davam etdirərək Azərbaycan mətbuatının maarifçi ruhunu qorudu. XX əsrin sonlarında qazanılmış müstəqilliyimiz milli mətbuat tarixində yeni səhifə açdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli iradəsi ilə 1998-ci ildə senzura ləğv olundu, söz və məlumat azadlığı təmin edildi, demokratik media mühiti yaradıldı. Bu qərar mətbuat tariximizdə mühüm dönüm nöqtəsi kimi qaldı. Ulu Öndərin mətbuata qayğısı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar müasir medianın möhkəm bünövrəsini formalaşdırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafına xüsusi diqqət göstərildi. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, jurnalistlər üçün sosial layihələr, ipoteka güzəştləri, media subyektlərinə vergi azadolmaları tətbiq edildi. Dövlət rəhbərliyi dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görülərək, medianın yanında olduğunu bir daha sübut etdi. Dəyişən media mühiti qanunvericiliyin də təkmilləşdirilməsini tələb edirdi. Prezident İlham Əliyevin 2021-ci il fərmanı ilə “Medianın İnkişafı Agentliyi” yaradıldı. 2021-ci ilin sonunda qəbul edilən “Media haqqında” Qanun isə yerli medianın rəqabət qabiliyyətinin artırılmasına, peşəkar jurnalistikanın təşviqinə, informasiya təhlükəsizliyinin təmininə xidmət edir. Bu gün Azərbaycan mediası internet qəzetçiliyi, sosial media, rəqəmsal platformalar vasitəsilə qlobal informasiya məkanının ayrılmaz parçasına çevrilib. Onlarla internet qəzet, sosial media layihələri və rəqəmsal təşəbbüslər milli maraqlarımızın müdafiəsinə, xalqımızın dolğun məlumatlandırılmasına xidmət edir. Azərbaycan mediası Vətən müharibəsində də qətiyyətini göstərdi. Qısaca desəm Azərbaycan mətbuatı Vətən müharibəsi dövründə öz peşəkarlığı və vətənpərvərliyi ilə yadda qaldı.

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki