Daim başımızın üstündə saxladığımız Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
2009-cu il noyabrın 17-də dövlətimizin başçısı İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sənəddə də bu fakt qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.
Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan Bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının bayraq qarşısında and içib xalqına, Vətənə sadiq qalacaqlarına söz vermələridir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına üçrəngli Bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev üçün Dövlət Bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış idi. 1990-cı ildə Naxçıvana qayıdaraq bu günümüz üçün davamlı işlərə, biri-birindən əhəmiyyətli addımlara imza atan ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin hər biri tariximizə yazılsa da onların arasında xüsusi qeyd olunacaq işlər var ki, bunlardan biri də 17 noyabr 1990-cı ildə sədrlik etdiyi Naxçıvan MSSR Ali Məclisinin sessiyasında irəli sürdüyü təklifdir. Muxtar respublikanın adından “sovet, sosialist” sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş bayrağın, gerbin və dövlət himninin bərpası ilə bağlı möhtəşəm qərar qəbul olundu. Mavi rəngi ilə türkçülük ideyasına sadiqliyini, qırmızı rəngi ilə müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəngi ilə İslam sivilizasiyasına mənsubluğunu bildirən Bayrağımız ilə Azərbaycanın müstəqilliyinin, əbədiliyinin, milli dövlətçiliyimizin təməli qoyuldu.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru





















