COP29 ölkədə ilin tədbiri oldu
Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib. Biz birmənalı olaraq böyük bir maraq oyadırıq, bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə tərəfdaşlıq etmək istəyirlər.
Qeyd etmək lazımdır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi oldu.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi idi. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru oldu. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab oldu.
Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. Azərbaycan 200 ölkədən nümayəndə gəlmiş, qeydiyyatdan keçmiş 77 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duydu.
Həmçinin qeyd edək ki, bu tədbirdə bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə qeyd oluna bilər ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Azərbaycan elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edir. Bu gün yalnız su və təbii qaz ehtiyatlarından istifadə edilir və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlanılıb.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru