COP29 ölkədə ilin tədbiri oldu.
İqlim dəyişikliyi həm ətraf mühiti, həm də insan hüquqlarını təhlükə altına almaqla, qlobal miqyasda geniş təsir göstərən ciddi problemdir. İqlim böhranı həyatımızın hər bir aspektinə təsir göstərərək, yaşayış hüququndan sağlamlıq və qida, təmiz suya çıxışdan sığınacaq hüququna qədər müxtəlif fundamental hüquqları risk altına alır. Xüsusilə həssas qruplar üçün bu təsirlər daha dramatikdir. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyi ilə mübarizənin sosial ədalət və insan hüquqları ilə necə sıx bağlı olduğunu bir daha göstərdi. “COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirdi. 2024-cü ildə Bakıda keçirilən COP29 konfransı Azərbaycanın iqlim siyasətinin və qlobal səylərinin təqdim edilməsi baxımından çox mühüm tədbir oldu. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev iqlim dəyişikliyinin qlobal miqyasda artan təhdidlərinə qarşı ölkənin apardığı mübarizəni təqdim etdi və bu sahədə beynəlxalq əməkdaşlığı daha da gücləndirmək üçün çağırışlar etdi. Bu çağırışlar Azərbaycanın dünya miqyasında iqlim dəyişikliyi məsələlərinə verdiyi önəmin bir göstəricisidir.
Konfransda Azərbaycanın daha bir əsas mesajı iqlim dəyişikliyi ilə mübarizənin yalnız dövlətlərarası deyil, həm də hər bir fərdin məsuliyyəti olması ilə bağlıdır. Bu, birgə fəaliyyət, həmrəylik və qlobal bərabərlik tələb edən bir çağırışdır. İqlim dəyişikliyi ilə mübarizə yalnız iqlim və ekologiya məsələsi deyil, həm də sosial ədalət və insan hüquqları məsələsidir. Bu səbəbdən, COP29-da verilən çağırışlardan biri də “Yaşıl dünya naminə həmrəy olaq” mesajı idi ki, həmin çağırış iqlim dəyişikliyi ilə mübarizənin hər kəsin birgə səyi ilə həll olunmasının vacibliyini vurğulayır.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov