COP29-a ev sahibliyi etməkdən qürur duyduq.
Ötən il Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq. 2023-cü ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə hazırlıq işlərinə başlayan ölkəmiz tədbirin çox yüksək səviyyədə təşkili üçün qısa zamanda zəruri olan bütün işləri həyata keçirdi. Cənab Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının böyük uğuru olacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın bugünədək ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, hər bir sahədə zəngin təcrübəyə malik olması, inkişafın Azərbaycan modelinin movcudluğudur. Prezident cənab İlham Əliyev ölkəmizin hərtərfli inkişafını qarşıya mühüm vəzifə kimi qoyaraq kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyinə çağırışlar edir və bunu atdığı addımları ilə təsdiqləyir. Hazırda Azərbaycana hər bir sahədə beynəlxalq baxış yüksək səviyyədədir.
COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi: “Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb oldu. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü. Azərbaycanın COP29 Sədrliyinin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanatında da bu məqam xüsusi vurğulanır. COP29 Sədrliyi il ərzində inkişaf etməkdə olan tərəf ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdı. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc