Cənubi Qafqazın sabitliyi və rifahı
Vaşinqton Sammitinin nəticələri arasında ən diqqətçəkən və strateji əhəmiyyət daşıyan addımlardan biri də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmi olaraq dayandırılması olub. Uzun illərdir sülh prosesində real nəticələr verməyən bu mexanizmin bağlanması barədə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanan birgə müraciət məktubu imzalanıb. Bu, Azərbaycan diplomatiyasının 2020-ci ildən bəri davamlı olaraq gündəlikdə saxladığı və sülh prosesində qarşıya çıxan əsas maneələrdən birinin aradan qaldırılması baxımından əhəmiyyətli bir qələbə kimi diqqət çəkir.
Birgə Bəyannamədə regionun nəqliyyat sahəsində inteqrasiyasına xidmət edən mühüm məsələlər də qeyd olunub. Belə ki, sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və fasiləsiz bağlantının təmin edilməsi strateji bir prioritet kimi önə çəkilib. Bu amillər həm də regional iqtisadiyyatın inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün vacibdir. Vaşinqton görüşündə bu istiqamətdə konkret addımların atılması və yeni kommunikasiyaların açılması üçün razılığın əldə olunması gələcəkdə Cənubi Qafqazın sabitliyi və rifahı üçün əsaslı zəmin yaradır.
Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanan sənədlər ikitərəfli əlaqələrin yeni mərhələdə inkişafına böyük töhfə verəcəkdir. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələri əhatə edən geniş əməkdaşlıq perspektivlərini nəzərdə tutur. Bu addım ikitərəfli münasibətlərin sistemli şəkildə inkişafı və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır. Səfər, həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar olub. Bu qərar ölkəmizin regional və beynəlxalq siyasətdə daha geniş dəstək qazanması üçün əlverişli zəmin yaradır və iki ölkə arasında etimadın artmasına xidmət edir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc