Cənab Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya bir daha vacib mesajlar verdi!
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Səfər çərçivəsində yanvarın 20-də ölkə başçısı Davosda Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib. Qeyd edilib ki, hazırda ölkələr artıq beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmədiyi vəziyyətlə üzləşiblər. Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan məhz buna nail olmuşdur. Müsahibədə Avropa ölkələrini bu gün ən çox narahat edən enerji təminatı məsələlərinə də yer ayrılıb. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Müsahibədə Avropa Parlamenti ilə olan münasibətlərə də toxunulub. Müxbirin Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz sualına isə ölkə başçısının cavabı qısa, konkret və müxbirin də vurğuladığı kimi diplomatik olub – “Biz artıq buna reaksiya vermirik”. Qeyd edilib ki, Azərbaycan artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırıb. Bu gün ölkəmiz Avropa Komissiyası ilə əməkdaşlıq edir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır”. Vurğulanıb ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. “Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər. Cənab Prezident İlham Əliyevin Davosda “Euronews”ə verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan yeni dünya düzənində öz yerini dəqiq müəyyənləşdirib. Güc qaydasının hökm sürdüyü bir dövrdə Azərbaycan gücünü hüquqla, hüququnu isə milli maraqlarla tarazlaşdırmağı bacaran nadir dövlətlərdəndir. Bu müsahibə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyinə dair aydın siyasi yol xəritəsidir, dövlətimizin sülhə, sabitliyə, əməkdaşlığa və ədalətə əsaslanan yoludur.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev






















