Cəmiyyətin siyasi mədəniyyətində yeni mərhələ
Müasir Azərbaycan siyasətinin əsas dayaqlarından biri milli birliyin qorunması və ümummilli məqsədlərin eyni hədəfə yönəldilməsidir. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri ölkənin inkişaf fəlsəfəsini, dövlətçilik strategiyasını və cəmiyyətin siyasi mədəniyyətini müəyyən edən başlıca tezislərdən biridir. Bu prinsip, Azərbaycanın qarşısında duran tarixi və strateji vəzifələrin icrasında möhtəşəm bir milli həmrəyliyin formalaşdığını göstərir.
Azərbaycan uzun illər boyu mürəkkəb geosiyasi mühitdə mövcud olmuş, daxili sabitlik və siyasi həmrəyliyi qorumaq üçün ciddi sınaqlardan keçmişdir. Lakin bütün çətinliklərə baxmayaraq, xalq–dövlət birliyinin möhkəm olması ölkəni bölgədə söz sahibi dövlətə çevirib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlətçilik, müstəqillik, ərazi bütövlüyü, təhlükəsizlik və milli maraqlar kimi mövzularda hər kəs eyni məqsədə xidmət etməlidir.
Bu, fikir müxtəlifliyini məhdudlaşdırmaq deyil, əksinə, ölkənin ali maraqlarını qorumağın zəruriliyi kimi qəbul edilməlidir. Çünki Azərbaycan üçün strateji məsələlər – Vətən müharibəsində qazanılan zəfər, suverenliyin bərpası, Qarabağın dirçəlişi, regionda yeni geosiyasi reallıqların möhkəmləndirilməsi – hər bir azərbaycanlının taleyini müəyyən edir.
Prezident İlham Əliyev milli məsələlərdə fikir birliyinin zəruriliyini əsaslandırarkən Azərbaycanın tarixində yaşadığı itkilərdən və dərslərdən çıxarılan nəticələrə də diqqət çəkir. Müstəqilliyin ilk illərində yaşanan siyasi qarşıdurmalar, idarəetmədə xaos, separatizmin baş qaldırması və iqtisadi tənəzzül cəmiyyəti parçalanmanın ağır nəticələri ilə üz-üzə qoymuşdu.
Bu dövrdən sonra formalaşan siyasi iradə – Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi, ardınca Prezident İlham Əliyevin müdrikliyi – cəmiyyətə aydın mesaj verdi: dövlətçilik məsələləri müxtəlif mövqelərin yarış meydanı deyil. Bu məsələlərdə vahid mövqe təkcə siyasi zərurət deyil, həm də milli varlığın təminatıdır.
2020-ci il Vətən müharibəsi Prezidentin bu tezisinin praktiki təsdiqinə çevrildi. Xalq bir amal uğrunda birləşdi, siyasi baxışından, sosial mənsubiyyətindən və ya fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs dövlətin arxasında dayandı. Bu həmrəyliyin nəticəsində Azərbaycan 30 illik ədalətsizliyə son qoydu və öz ərazi bütövlüyünü təmin etdi.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü























