Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq.
Cəmi qırx dörd gün davam edən Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi iradəsinin, xalq–ordu birliyinin və müasir hərbi strategiyasının nəticəsi olaraq tarixi qələbə ilə başa çatmış, qarşı tərəfin kapitulyasiya aktına imza atması ilə regionda yeni reallıq formalaşmışdır. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması fonunda başlanan hərbi əməliyyatlar qısa müddət ərzində strateji üstünlüyün Azərbaycan Ordusunun tərəfinə keçməsi ilə yadda qaldı. Müasir texnologiyaların tətbiqi, yüksək peşəkarlıq və dəqiq planlaşdırılmış əməliyyatlar nəticəsində bir sıra mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edildi. Müharibənin gedişində əldə olunan uğurların zirvə nöqtəsi 8 noyabr tarixində Şuşa şəhərinin azad olunması oldu. Bu hadisə həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi əməliyyatların taleyini müəyyənləşdirdi və qarşı tərəfi ciddi seçim qarşısında qoydu. Nəticədə 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzalandı və bununla da müharibə dayandırıldı. Sənəd faktiki olaraq qarşı tərəfin məğlubiyyətini və kapitulyasiyasını təsdiqləyirdi. Bu qələbə yalnız hərbi uğur deyildi. O, illərlə davam edən ədalətsiz vəziyyətin dəyişməsi, ərazi bütövlüyünün böyük ölçüdə təmin olunması və beynəlxalq hüququn prinsiplərinin praktik müstəvidə reallaşması demək idi. Azərbaycan xalqı bu müddətdə misilsiz birlik nümayiş etdirdi. Cəbhədə döyüşən əsgər və zabitlərlə yanaşı, arxa cəbhədə yaşayan vətəndaşlar da informasiya və mənəvi mübarizədə fəal iştirak etdilər. Qırx dörd gün ərzində qazanılan qələbə Azərbaycanın hərbi gücünün son illər ərzində sistemli şəkildə modernləşdirilməsinin nəticəsi idi. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq hərbi əməkdaşlıq, peşəkar kadr hazırlığı və yüksək döyüş ruhu bu uğurun əsas amilləri oldu. Bununla yanaşı, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən vahid komanda idarəetməsi əməliyyatların koordinasiyalı və effektiv aparılmasını təmin etdi. Müharibənin dayandırılması ilə regionda yeni geosiyasi reallıq yarandı. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi, infrastruktur layihələri icra olunmağa başladı, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edildi. Bu proses qələbənin davamı və sülh quruculuğunun əsas mərhələsi kimi qiymətləndirilir. Cəmi qırx dörd gün ərzində düşmənin məğlub edilməsi və kapitulyasiya aktına imza atması Azərbaycan tarixində mühüm siyasi və hərbi hadisədir. Bu qələbə dövlətin gücünü, xalqın birliyini və milli iradənin sarsılmazlığını nümayiş etdirdi. O, həm keçmişin ədalətsizliyinə son qoydu, həm də gələcək inkişaf və sabitlik üçün yeni mərhələnin əsasını qoydu.
Veteran müəllim Vəfadar Niftəliyev
























