1 noyabr 2025-ci il tarixində Azərbaycan Milli QHT Forumun dəstəyilə süd vəzi xərçəngi ilə mübarizəyə həsr olunmuş “Çəhrayı Güc” Maarifləndirici Seminarı keçirilib.
Bakues.az xəbər verir ki, seminar “Mübarizə gücdür. Dəstək şəfqətdir. Maarifləndirmə – həyatdır” devizi altında təşkil olunub.
Tədbirin əsas məqsədi qadınlarda maarifləndirməni artırmaq, erkən diaqnozun əhəmiyyətini vurğulamaq və həmrəylik ruhunu gücləndirmək olub.
Tədbirin təşkilatçısı Günay Şahbazova çıxışında bildirib ki, xərçəng xəstəliyinə qalib gəlməyin başlıca yollarından biri də psixoloji və mənəvi dəstəkdən ibarətdir:
“Bu gün burada olmaq mənim üçün sadəcə bir tədbir deyil, həyatımın bir parçasıdır. Çünki bu yolda bir-birimiz üçün güc qaynağıyıq”.
Seminar zamanı iştirakçılara xərçənglə mübarizədə mənəvi dəstəyin, ailə və dost çevrəsinin, habelə vaxtında tibbi müayinələrin həyati əhəmiyyəti barədə məlumat verilib.
Ekspertlər qeyd ediblər ki, erkən diaqnoz insan həyatını xilas edə bilər:
“Müayinə qorxulu deyil, gecikmək qorxuludur”.
Tədbir çərçivəsində xərçəng xəstəliyinə qalib gəlmiş qadınların həyat hekayələri dinlənilib, onların təcrübəsi digər qadınlar üçün motivasiya və ümid mənbəyi kimi təqdim olunub.
Seminarın sonunda qeyd olunub ki, bu təşəbbüs davamlı maarifləndirmə və dəstək hərəkatının başlanğıcıdır. Bu seminar bir başlanğıcdır. daha çox qadının məlumatlı, güclü və sağlam olması üçündür.
Seminarın sonunda qadınların sağlam həyat tərzi, özünümüayinə və erkən diaqnozla bağlı maarifləndirici tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
“Gəlin, bu çəhrayı gücü birlikdə yayaq. Bir paylaşım, bir söz, bir dəstək belə bir həyat xilas edə bilər” – seminar iştirakçıları bununla bağlı çağırış ediblər.
Tədbirdə xərçənglə mübarizə aparan qadınlar, psixoloqlar, səhiyyə işçiləri, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.





























