“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”
Cəbrayıl şəhəri Azərbaycanın qəhrəmanlıq, dözüm və yenidənqurma rəmzlərindən biridir. 27 il işğal altında qalan bu torpaqlar 2020-ci ilin Vətən müharibəsində ordumuzun şücaəti nəticəsində azad olundu. Cəbrayılın azadlığı xalqımızın yaddaşında əbədi qalacaq tarixi hadisədir. Bu gün isə həmin qəhrəman şəhər təkcə azadlıq rəmzi deyil, həm də inkişafın, yenidənqurmanın mərkəzinə çevrilməkdədir. Cəbrayıl şəhəri günü bu torpaqların dirçəliş bayramıdır. Hər il qeyd edilən bu gün, həm şəhidlərimizin müqəddəs xatirəsinə hörmət, həm də qalib xalqımızın qürur günüdür. Cəbrayılın bugünkü siması artıq işğaldan sonrakı dağıntıları yox, sürətlə ucalan binaları, müasir yolları, yeni məktəbləri və parkları əks etdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb. Azərbaycan dövləti azad edilmiş ərazilərin bərpasını böyük strateji planla həyata keçirir. Baş plana əsasən, Cəbrayılda müasir infrastruktur qurulacaq, ekoloji təmiz enerji tətbiq olunacaq, yeni yaşayış massivləri salınacaq. Şəhərin memarlıq siması milli ənənələr və müasir urbanizmin harmoniyası əsasında formalaşacaq. Bu, həm keçmişin izlərini yaşadan, həm də gələcəyin şəhər mədəniyyətini əks etdirən unikal bir model olacaq.
2040-cı ilədək Cəbrayılın iqtisadi potensialının gücləndirilməsi, turizm və kənd təsərrüfatının inkişafı da nəzərdə tutulur. Bu, həm yeni iş yerlərinin açılması, həm də bölgənin əhalisinin rahat və firavan həyat şəraitinə qovuşması deməkdir.
Cəbrayıl şəhərinin Baş planı əslində təkcə bir tikinti layihəsi deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qüdrətinin göstəricisidir. Bir vaxtlar dağıdılmış şəhərin yenidən qurulması həm şəhidlərimizin ruhuna ehtiram, həm də gələcək nəsillərə güclü mirasdır.
Bu gün Cəbrayıl qalibiyyətin, sabah isə inkişafın və firavanlığın rəmzidir. “2040-cı ilədək inkişaf planı” isə bu rəmzi gerçəkləşdirən böyük yol xəritəsidir.
Zərdab şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Ruxsarə Ağayeva