Cəbrayıl rayonunun işğaldan azad olunması
Ötən əsrin sonlarında yeni müstəqillik qazanmış Azərbaycan Respublikasının ağır iqtisadi-siyasi böhranda olduğu bir zamanda hər zaman xəyanətkar xislətləri ilə tanınmış Ermənistan ölkəmizə qarşı elan olunmamış müharibəyə başladı. Müharibə nəticəsində vətənimizin dilbər guşələrinə od vuruldu, dağıntılar, talanlar törədildi və torpaqlarımızın iyirmi faizinin işğal olunması nəticəsində bir milyondan çox soydaşımızın öz dədə-baba yurdlarından qaçqın-köçkün düşmələri ilə yanaşı on minlərlə həmvətənimiz qətlə yetirildi. Ermənistan silahlıları tərəfindən işğal olunaraq talan edilən rayonlarımızdan biridə öz füsunkar təbiəti, gözəlliyi ilə fərqlənən Cəbrayıl rayonu idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13.928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. 1050 kv km-I əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. 1-ci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər Şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Digər rayon və şəhərlərimizlə yanaşı Cəbrayıl rayonunu da tamamilə yer üzündən silmiş işğalçı düşmənəndən mütləq qisas alınmalı idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə düşmənin hücumlarına cavab olaraq əks hücuma keçən Müzəffər Ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Rayonun ərazisində aparılan hərbi əməliyyat nəticəsində ümumilikdə bir şəhər və 90 kənd işğaldan azad edildi. Coğrafi baxımdan Cəbrayıl rayonu olduqca strateji əhəmiyyət kəsb edir. İşğal altında olan digər rayonlara uğurlu hücum əməliyyatı üçün Cəbrayıl rayonunun işğaldan azad olunması mütləq idi. Xocavənd rayonunun cənub kəndlərinə, strateji Hadrut qəsəbəsi istiqamətinə, Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissəsinə uğurlu hərbi hücum üçün Cəbrayılın ordumuzun nəzarətinə keçməsi vacib idi. Cəbrayılın işğaldan azad olunması əhəmiyyətli olduğu qədərdə mürəkkəb idi çünki düşmən Cəbrayıl ərazisində bir neçə xəttdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq, igidlik, peşəkarlıq, fədakarıq tələb edirdi. Müzəffər Azərbaycan Ordusu Cəbrayılı işğaldan azad etdikdən sonar surətli hücum əməliyyatlarını daha da genişləndirdi.
Bu gün Cəbraıla yenidən həyat qayıdıb. Düşmənin 30 ilə yaxın talan etdiyi, viran qoyduğu rayonda bu gün surətli quruculuq işləri geniş vüsət alıb. Artıq Cəbrayıla xalqımızın bir neçə dəfə köçü olmuşdur. Rayonda mədəniyyət abidələri, məktəblər, inzibati binalar, yaşayış kompleksləri surətli şəkildə inşa olunmaqdadır.
Zərdab rayon Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elvin Xəlilov