Cəbrayıl rayonunun infrastrukturu.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə rayon kimi yenidən yaradılıb. Sahəsi 1050 kvadratkilometr, ərazisi əsasən dağlıqdır. Cəbrayıl rayonu kiçik Qafqaz dağlarının cənub-şərqində Araz çayının sol sahilində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Araz boyu çox məhsuldar torpağı olan – Mərcanlı, Soltanlı kəndləri yerləşir. Rayonun mərkəzi isə Cəbrayıl şəhəridir.
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri ilə çox zəngin rayonudur. Azərbaycanı və İranı birləşdirən Araz çayının üzərində salınan məşhur Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu öz əksini tapır.
Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdi. 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı.
Vətən müharibəsi zamanı Müzəffər Ordumuz 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonu 27 ildən sonra düşməndən geri alındı. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.
Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra 2020-ci il noyabr ayının 16-da Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi rəsmiləşdirilib.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva