Cəbrayıl rayonu da düşmənin daşı daş üstündə qoymadığı yurd yerlərimizdən biri olduğu üçün həyata keçirilən işlərlə yeni bir həyata doğru addımlamaqdadır
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan bu torpaqlarda Cəbrayılın iri kəndləri – Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.
Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri-dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr- Dağtumas kəndində XIII–XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan üç rayondan biri Cəbrayıl Qubadlı və Zəngilan kimi 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman milli ordumuz tərəfindən işğaldan azad edilən ərazimizdir. 44 gündə düşmənin 30 il ərzində torpaqlarımızda qurduğu keçilməz barrikadalar yerlə yeksan olundu. 30 il düşmən tapdağı altında inləyən, doğmasını gözləyən Qarabağımız anası Azərbaycana qovuşdu. Doğmalarının addım səsi ilə üzü güldü torpaqlarımızın. Bir-birindən gözəl, tarixi və mədəniyyət abidələri, yeraltı-yerüstü sərvətləri ilə zəngin olan yurd yerlərimiz öz sahiblərinə qaytarıldı.
4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Artıq azad torpaqların hər birində müharibə bitən gündən bərpa işləri gedir. Cəbrayıl rayonu da düşmənin daşı daş üstündə qoymadığı yurd yerlərimizdən biri olduğu üçün həyata keçirilən işlərlə yeni bir həyata doğru addımlamaqdadır. Artıq Böyük Qayıdış Proqramına əsasən ötən ay 36 ailə (117 nəfər) Cəbrayıla qayıdıb.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc