Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk
Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə Azərbaycan və macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib. Əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Macarıstan COP29-da istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub. Müsbət haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir. Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri iki dost dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. Həmin gün Macarıstanın paytaxtı Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə tərkibdə görüşləri keçirilib. Görüşlərdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub. Dövlətimizin başçısı bununla bağlı bildirib: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”. Qeyd edilməlidir ki, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Əminliklə qeyd etmək olar ki, ölkə başçısının macarıstana işgüzar səfəri Azərbaycan ilə Macarıstan arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova
Energetika sahəsində uğurlu əməkdaşlıq
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfər edib. Prezidenti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar. Daha sonra Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub. Görüşün ardından liderlər mətbuata bəyanatla çıxış ediblər. Viktor Orban deyib ki, Budapeştdə Macarıstanın köhnə dostunu görürlər: “Siyasi sahədə, enerji məsələsində nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyevi yanımızda görmüşük”. Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, biz dost və tərəfdaş ölkələr kimi fəaliyyət göstəririk. Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının qeyri-formal sammitinin keçirilməsi təşəbbüsünün müəllifi Azərbaycan olub: “Bu dəfə estafeti Macarıstan qəbul edir”. Prezident İlham Əliyev söyləyib ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir: “Biz dost ölkələrik, strateji tərəfdaşıq”. Dövlət başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib: “Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”. Ölkə rəhbəri qeyd edib ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir: “Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq”. Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə də danışıb: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”. Qeyd edək ki, Avropanın mərkəzində yerləşən, zəngin tarixi və milli kimliyi ilə seçilən Macarıstan bu gün Azərbaycanın etibarlı tərəfdaşı, səmimi dostu və strateji müttəfiqinə çevrilib. Qarabağ həqiqətlərinin Avropada tanıdılmasında açıq və prinsipial mövqe tutan Budapeşt, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə mühüm diplomatik jestlər nümayiş etdirib. İndi bu siyasi həmrəylik dövlət başçılarının yüksək səviyyəli görüşləri fonunda yeni mərhələyə qədəm qoymaqdadır. Prezident İlham Əliyevin Macarıstana səfərə getməsi təkcə protokol səviyyəsində bir ziyarət deyil, həm də Azərbaycan-Macarıstan münasibətlərinin gələcək konturlarını müəyyənləşdirən strateji aktdır. Yeni sənədlərin imzalanması, əməkdaşlıq platformalarının genişləndirilməsi və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi mühüm nəticələr vəd edir.
“Macarıstanın Azərbaycan üçün önəmli olmasından daha çox, Azərbaycan Macarıstan üçün önəmlidir. Hazırkı vəziyyətdə Rusiyadan enerji asılılığında ən çox olan ölkələrdən biri Macarıstandır. Azərbaycan isə məhz Avropanın enerji tərkibində oynadığı rol baxımından Macarıstanın olduğu coğrafiya üzrə daha böyük xüsusi çəkiyə malikdir. Perspektivdə isə Macarıstan Azərbaycandan neft və qazdan başqa həm də alternativ enerji mənbələri hesabına təmin oluna bilər. Müvafiq sahə üzrə memorandum imzalanmış dörd ölkədən biri məhz Macarıstandır. Həmçinin Şahdəniz yatağı Macarıstanın ən etibarlı investisiya obyektidir. Ümumiyyətlə, Macarıstanın investisiyası əsasən Azərbaycanın neft-qaz sektoruna yönəlib. Bu, Macarıstanın Azərbaycana olan iqtisadi inamını və marağını açıq şəkildə göstərir.
Bu cür qarşılıqlı səfərlər və əməkdaşlıq formatları, xüsusilə enerji, alternativ enerji, ticarət və investisiya sahələrində əlaqələrin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə, bu münasibətlər strateji tərəfdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi sütunlar üzərində möhkəmlənməsinə şərait yaradır”.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Muzey bələdçisi – Xanım İmanova