Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var
Terroru, işğalı, təcavüzü, talanı siyasi xətt kimi seçən Ermənistan torpaqlarımızın iyirmi faizini 30 ilə yaxın işğalda saxlayaraq soydaşlarımıza qarşı etnik təmizləmə həyata keçirdi və bir milyondan artıq Azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. İşğal altına düşmüş dilbər guşələrimiz otuz il erməni quldurları tərəfindən talanmışdır. Özünü dünyaya “məzlum xalq” kimi tanıdan ermənilər təkcə vətəndaşlara və dövlətə məxsus mülkləri, daşınar və daşınmaz əmlakları, ziyarətgahları, məscidləri, tarixi tikililəri talan etməklə, yandırmaqla kifayətlənməyib təbii sərvətlərə, ekosistemə bərpasına uzun illər lazım olacaq qədər ziyan vurmuş və torpaqlarımıza milyonlarla mina basdırmışlar. Bu gün Zəngəzur Dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışan dövlətlər otuz il ərzində bu talanlara göz yummuş, açıq-aşkar və gizli şəkildə işğalçını müdafiə etmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Qarabağı və ətraf rayonları düşmən işğalından azad etdikdən sonra bu torpaqlara yenidən həyat qayıtdı. Uzun illər ərzində düşmənin donuz saxladığı məscidlərimiz, dini, tarixi abidələrimiz, kəndlərimiz, şəhər və rayonlarımız dünyanın gözü qarşısında surətlə bərpa olunmağa başladı. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız öz dədə-baba torpaqlarına, tarixi yurd yerlərimizə geri dönməyə başladılar. Qarabağda surətli şəkildə böyük layihələrin icrasına başlanıldı və qısa zaman kəsiyində Laçın rayonunun Qorçu kəndi ərazisində dünyada çox az sayda olan dəniz səviyyəsindən hündür hava limanı istifadəyə verildi. Bədii-obrazlı dil ilə desək otuz ilin zülmətindən sonra nura boyanan Qarabağın hər daşı, hər qayası sevindi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə surətlə həyata keçirilən bərpa-quruculuq, yenidənqurma işlərinin nəticəsi kimi Qarabağ beynəlxalq mötəbər tədbirlərə, Zirvə görüşlərinə ev sahibliyi etməyə başladı. 2025-ci il iyul ayının 4-ü tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Qarabağda – məhz Xankəndi şəhərində keçirilməsi xüsusi məna kəsb edir. Qondarma rejimin özünə “paytaxt” seçdiyi qədim vətənimiz olan Xankəndidə keçirilən Zirvə görüşü Ermənistanda revanşist düşüncələrdə olan bəzi dairələrə verilən ən böyük mesaj idi. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edən Ali Baş Komandan İlham Əliyev bu mötəbər görüşün məhz Xankəndidə keçirilməsinin xüsusi məna kəsb etdiyini vurğuladı.O, çıxışı zamanı vurğuladı ki, Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan öz çıxışı zamanı Qarabağda keçirilmiş beynəlxalq tədbirləri vurğulamaqla bir daha dövlətimizi, vətənimizi sevməyən xarici qüvvələrə ciddi siyasi mesaj ötürmüş oldu. Düşmən tərəfindən dağıdılmış Qarabağda müharibədən qısa müddət sonra beynəlxalq tədbirlərin keçirilməsi əslində Azərbaycanın iqtisadi-siyasi gücünü dünyaya bir daha göstərir. Eyni zamanda Pakistan, Türkiyə vi digər dövlət liderlərinin Qarabağda keçirilən Zirvə görüşlərinə qatılması dövlətimizin nüfuzundan, qlobal əhəmiyyətə sahib olmasından xəbər verir.
Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov.