Azərbaycanın müasir tarixi göstərdi ki, güclü ordu güclü dövlətin ən vacib dayağıdır. Ölkəmizin müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklər, işğal altında qalan torpaqlarımız bir daha sübut etdi ki, dövlətin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qüdrətli Silahlı Qüvvələrə malik olmaq həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Azərbaycan dövləti ordu quruculuğunu strateji prioritet istiqamət kimi müəyyən etmişdir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu sistemli şəkildə inkişaf etdirildi. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dövründə isə bu proses daha da sürətləndi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. Büdcədə hərbi xərclərin ildən-ilə artırılması orduya xüsusi diqqətin bariz nümunəsi idi. Hərbi büdcənin yüksəlməsi ilə yeni texnika və silahların alınması, hərbi təlimlərin sayı və keyfiyyətinin artması, şəxsi heyətin sosial təminatının gücləndirilməsi mümkün oldu. Azərbaycan Ordusu müasir döyüş texnologiyalarına yiyələnərək regionun ən qüdrətli ordularından birinə çevrildi.
Bu islahatların nəticəsi özünü 2020-ci ildə – Vətən müharibəsi zamanı göstərdi. Azərbaycan əsgəri və zabiti ən yüksək döyüş hazırlığı, vətənpərvərlik və fədakarlıq nümunəsi ortaya qoydu. Dövlətin hərbi sahəyə ayırdığı vəsait yalnız silahlanmaya deyil, həm də mənəvi gücə, ruh yüksəkliyinə xidmət etdi. Ordumuzun texniki təminatı ilə yanaşı, onun intizamı, milli ruhu və döyüş əzmi də gücləndi. Məhz bu birliyin və gücün nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfərə imza atdı və 8 Noyabrda – Zəfər Gününü xalqımıza bəxş etdi.
Bu gün də hərbi sahəyə diqqət davam edir. Azərbaycanın müdafiə gücünün artırılması, ordunun maddi-texniki bazasının müasirləşdirilməsi, azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradılması dövlət siyasətinin mühüm tərkib hissəsidir. Çünki güclü ordu Azərbaycanın sabitliyinin, sülhünün və Zəfərinin əsas təminatıdır.
8 Noyabr – Zəfər Günü bizə xatırladır ki, bu qələbənin arxasında illərlə aparılan məqsədyönlü siyasət, düşünülmüş iqtisadi və hərbi strategiya dayanır. Büdcədə hərbi xərclərin artması yalnız müharibə üçün deyil, eyni zamanda sülhün və təhlükəsizliyin təminatı üçün atılmış uzaqgörən addım idi. Bu gün Azərbaycan Ordusu dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və milli qürurumuzun simvoluna çevrilmişdir.
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi






















