Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir
Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi müasir diplomatiya tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu mükafat sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsinin ifadəsidir. Prezident cənab İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin beynəlxalq ictimaiyyətə təqdim olunması deməkdir: “Dövlətimizin başçısının mükafatlandırma mərasimindəki çıxışı bu təltifin mahiyyətini daha aydın şəkildə ortaya qoydu. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və humanitar əməkdaşlığa başlanması cənab Prezidentin çıxışında sülhün artıq praktik mərhələyə keçdiyini göstərən faktlar kimi səsləndirildi. Eyni zamanda, mərasimin Əbu-Dabidə keçirilməsinin rəmzi mənası da çıxışda xüsusi vurğulandı. Məhz burada aparılan danışıqların sonradan Vaşinqtonda tarixi razılaşmalarla nəticələnməsi BƏƏ-nin və onun Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın sülh prosesinə verdiyi töhfə kimi qəbul olunur”.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın əvvəlki laureatları arasında Roma Papası və BMT-nin Baş katibi kimi nüfuzlu şəxslərin yer alması Prezident cənab İlham Əliyevin qlobal sülh və əməkdaşlıq sahəsində artan nüfuzunu bir daha nümayiş etdirir. Qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında mühüm körpü rolunu gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir. Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri həm regional sülh gündəliyi, həm də Azərbaycanın regional və qlobal nüfuzunun daha da artması baxımından mühüm hadisədir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


























