Bu gün enerji siyasətimizin iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsi olduğunu görürük
“Azərbaycanın enerji tərəfdaşları ənənəyə uyğun olaraq növbəti dəfə Bakıda toplandı. Iyunun 2-də öz işinə başlayan 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti bir araya gətirdi. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, bugünkü və gələcək uğurlarında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”ndən öncə 1994-cü ildə keçirilən ilk Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın enerji imkanlarının dünyaya təqdimatı oldu. Həmin vaxtdan ötən 31 ilin ölkəmizin enerji tarixinə hansı uğurları yazdığı göz qabağındadır. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u ölkəmizin enerji diplomatiyasının uğurlarını bir daha beynəlxalq ictimaiyyətə təqdim edir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu gün hazırda beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerinə və mövqeyinə işıq salır. Yubiley tədbirinin açılış mərasimində Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord bu məqamı xüsusi qeyd etdi ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf etdi. O vaxtdan bəri Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrildi.
Dövlət başçısı İlham Əliyev yubiley tədbirinin açılış mərasimində Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək keçdiyi inkişaf yolunun təhlilini verdi: “Bir daha vurğulandı ki, bunlar Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Həmin dövrdə Ümummilli Lider dünya təcrübəsinə əsaslanaraq bu çağırışı səsləndirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu reallıq da xüsusi qeyd edilmişdir ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, çünki bu gün həmin dövrə nəzər salanda müstəqillik uğrunda yolun həmin tarixi məqamdan başlandığı aydın olur. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün enerji siyasətimizin iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsi olduğunu görürük”.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru