image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1704713608_az

Bu gün Azərbaycan təkcə neft və qazla kifayətlənmir, eyni zamanda bərpaolunan enerji sahəsində də fəal addımlar atır

image-legitimaz-810x90

Bu gün Azərbaycan təkcə neft və qazla kifayətlənmir, eyni zamanda bərpaolunan enerji sahəsində də fəal addımlar atır

Cənubi Qafqaz regionu geosiyasi, iqtisadi və strateji baxımdan mühüm əhəmiyyətə malik bir məkandır. Bu regionda yerləşən ölkələr arasında Azərbaycan həm təbii sərvətləri, həm də enerji siyasəti ilə xüsusi mövqeyə sahibdir. Azərbaycan Cənubi Qafqazda zəngin neft və qaz ehtiyatlarına malik olan və bu ehtiyatları beynəlxalq bazarlara ixrac edən yeganə ölkədir. Bu xüsusiyyət ölkəni təkcə regional deyil, qlobal enerji təhlükəsizliyində də vacib tərəfdaşa çevirir.

Azərbaycanın neft tarixi çox qədim dövrlərə gedib çıxır. Hələ orta əsrlərdə Abşeron yarımadasında neft quyularının mövcud olduğu məlum idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı dünyanın ən böyük neft mərkəzlərindən birinə çevrilmişdi. Məhz bu dövrdə Bakı nefti dünya sənayesinin inkişafında mühüm rol oynamış, iri sənayeçilərin və investorların diqqətini cəlb etmişdi.

Sovet dövründə də Azərbaycan əsas enerji bazalarından biri olmuşdur. İkinci Dünya müharibəsi illərində SSRİ-də hasil olunan neftin böyük hissəsi məhz Azərbaycandan təmin edilirdi. Bu fakt Azərbaycanın enerji tarixində nə qədər mühüm yer tutduğunu bir daha sübut edir.

1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycan öz enerji siyasətini milli maraqlara uyğun şəkildə formalaşdırmağa başladı. 1994-cü ildə imzalanan və “Əsrin müqaviləsi” adlanan beynəlxalq neft sazişi ölkənin enerji tarixində dönüş nöqtəsi oldu. Bu müqavilə ilə Azərbaycan Xəzər dənizindəki zəngin yataqların işlənməsinə xarici sərmayələri cəlb etdi və qlobal enerji bazarına çıxış imkanlarını genişləndirdi.

Sonrakı illərdə həyata keçirilən layihələr – Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirdi. Bu kəmərlər vasitəsilə Azərbaycan nefti və qazı Avropa və dünya bazarlarına çatdırılır.

Cənubi Qafqaz regionunda yerləşən digər ölkələr – Ermənistan və Gürcüstan – böyük neft və qaz ehtiyatlarına malik deyillər. Gürcüstan əsasən tranzit ölkə kimi çıxış edir, yəni Azərbaycan enerji resurslarının Avropaya daşınmasında mühüm körpü rolunu oynayır. Ermənistan isə enerji ehtiyatları baxımından məhdud imkanlara malikdir və əsasən idxaldan asılıdır.

Bu baxımdan Azərbaycan regionda həm istehsalçı, həm də ixracatçı kimi fərqlənir. O, yalnız öz ehtiyaclarını təmin etməklə kifayətlənmir, eyni zamanda digər ölkələrin də enerji təhlükəsizliyinə töhfə verir. Bu xüsusiyyət Azərbaycanı Cənubi Qafqazın enerji liderinə çevirir.

Azərbaycan neft və qaz ixracı ilə təkcə iqtisadi gəlir əldə etmir, həm də beynəlxalq siyasətdə nüfuzunu artırır. Enerji resursları ölkəyə böyük valyuta axını gətirir, büdcə gəlirlərini artırır və sosial-iqtisadi inkişaf üçün geniş imkanlar yaradır.

Bu gəlirlər hesabına ölkədə yollar, məktəblər, xəstəxanalar tikilir, regionların inkişafı təmin olunur, infrastruktur yenilənir. Enerji sektoru həm də minlərlə insan üçün iş yeri deməkdir.

Bundan əlavə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınır. Bir çox Avropa ölkələri Azərbaycan qazını alternativ mənbə kimi qəbul edir və bu, onların enerji asılılığının azalmasına kömək edir.

Bu gün Azərbaycan təkcə neft və qazla kifayətlənmir, eyni zamanda bərpaolunan enerji sahəsində də fəal addımlar atır. Günəş, külək və su enerjisi potensialı yüksək olan ölkə gələcəkdə “yaşıl enerji” ixracatçısına çevrilməyi hədəfləyir. Bu isə Azərbaycanın enerji sahəsində mövqeyini daha da gücləndirəcək.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki