Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır.
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkə başçımızın səsləndirdiyi fikirlər ölkənin enerji və texnoloji potensialının paralel inkişaf etdiyini bir daha nümayiş etdirdi. Prezident vurğuladı ki, bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir və eyni zamanda həmin resursları dünya bazarlarına ixrac edən etibarlı tərəfdaş kimi çıxış edir. Dövlət başçısının qeyd etdiyi kimi, enerji təhlükəsizliyi ölkənin ümumi milli təhlükəsizlik strategiyasının əsas sütunlarından biridir. Neft və qaz ehtiyatlarının səmərəli idarə olunması, müasir infrastrukturun qurulması və beynəlxalq enerji layihələrində fəal iştirak Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini möhkəmləndirib. Bu gün respublika yalnız enerji istehsalçısı deyil, həm də Avropanın və regionun enerji təhlükəsizliyinə töhfə verən mühüm aktordur. Müşavirədə bildirilib ki, ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı da prioritet istiqamətlərdəndir. Günəş və külək enerjisi layihələri ölkənin daxili tələbatının daha dayanıqlı şəkildə ödənilməsinə, eyni zamanda ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə Azərbaycanın enerji strategiyasını daha şaxəli və gələcəyə hesablanmış edir. Prezident çıxışında enerji sahəsində əldə olunan uğurların rəqəmsallaşma və innovasiya prosesləri ilə uzlaşdırılmasının vacibliyini də diqqətə çatdırdı. Müasir texnologiyaların tətbiqi enerji sektorunda səmərəliliyin artırılmasına, xərclərin optimallaşdırılmasına və ekoloji standartların yüksəldilməsinə imkan verir.
Beləliklə, Azərbaycanın özünü əsas enerji mənbələri ilə tam təmin etməsi və onları dünya bazarlarına çıxarması ölkənin iqtisadi müstəqilliyini gücləndirən başlıca amillərdəndir. Bu uğurlar, rəqəmsal transformasiya ilə birlikdə, dövlətin dayanıqlı və uzunmüddətli inkişaf kursunun möhkəm təməl üzərində qurulduğunu göstərir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev



















