Boşanma institutunun əsas məqsədi ailə münaqişəsinin qanuni şəkildə həll edilməsidir. Lakin hazırkı hüquqi mexanizmlərdə qadına geniş üstünlüklərin verilməsi həm ədalət balansını pozur, həm də boşanma prosesini sosial problemin mərkəzinə çevirir. Xüsusilə alimentlərin yüksək müəyyən edilməsi və uşağa görə bütün üstünlüklərin avtomatik olaraq anaya verilməsi cəmiyyətdə narazılıq yaradır.
Mövcud təcrübədə uşağın kimdə qalması və alimentin məbləği məsələsi çox vaxt yalnız atanın maliyyə öhdəliyinə fokuslanır. Bu isə tarafsız ailə məhkəməsi prinsipinə uyğun gəlmir. Alimentin real gəlirlərdən asılı olmayaraq yüksək müəyyən edilməsi təkcə atanın maddi yükünü artırmır, həm də uşağın hüquqlarını dolayısı ilə tapdalayır. Çünki məqsəd ailəni cəzalandırmaq yox, uşağın ehtiyaclarını obyektiv şəkildə təmin etməkdir.
Digər mühüm məqam boşanma prosesində qadınlara sistemli üstünlüyün verilməsi səbəbindən boşanma ərizələrinin təxminən 80 faizinin məhz qadınlardan gəlməsi ilə izah edilir. Hüquqi sistemdəki bu asimmetriya qadınların boşanma qərarını daha rahat verməsinə, kişilərin isə prosesdən çəkindiyinə görə uzunmüddətli psixoloji və iqtisadi gərginlik yaşamasına səbəb olur.
Bu vəziyyətin daha ciddi sosial nəticəsi isə boşanma sayının artmasıdır. Qadına avtomatik üstünlük verilməsi ailə institutunda balansı pozur, tərəflər arasında dialoqu zəiflədir və nəticədə ailələrin dağılması daha tez baş verir. Halbuki ailə münasibətlərinin qorunması üçün qanunvericilik bərabərliyi təmin etməli, hər iki tərəfin hüquqları eyni səviyyədə nəzərə alınmalıdır.
Mövcud mexanizmlərin dəyişdirilməsi üçün bir sıra islahatlar zəruridir: alimentin real gəlirlərə uyğun hesablanması, uşağın kimdə qalması ilə bağlı qərarın avtomatik deyil, şəffaf qiymətləndirmə meyarları ilə verilməsi və ata ilə uşaq arasında təmasın qorunması üçün hüquqi təminatların gücləndirilməsi. Bu addımlar həm ata, həm ana, həm də ən əsası — uşağın maraqlarını qoruyacaq.
Nəticə olaraq, boşanma sistemindəki balanssızlıq nə ailə münasibətlərinə, nə də cəmiyyətin sabitliyinə xidmət edir. Qadına üstünlük verən yanaşma əksinə olaraq konfliktləri artırır, kişilərin hüquqlarını məhdudlaşdırır və uşaqların psixoloji inkişafına mənfi təsir edir. Ailənin qorunması üçün məhkəmə sistemi daha ədalətli, bərabər və neytral prinsiplərlə yenidən qurulmalıdır.
Elyar Bağırov.


























