Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr — Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında məskunlaşma başa çatıb.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri



















