BİZİM QƏDƏR PARLAQ, TAM VƏ MÜTLƏQ QƏLƏBƏ QAZANAN İKİNCİ ÖLKƏ OLMAMIŞDIR”
Zəngin bir yol keçmiş akademiya ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.
Prezident cənab İlham Əliyev 10 il bundan əvvəl – Akademiyanın 70 illiyində alimlər qarşısında çıxış edərək ölkə qarşısında duran vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyini göstərmişdir. “Son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir”, – deyən dövlətimizin başçısı diqqətə çəkib ki, dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir: “Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə – torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc






















