Biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.
Ermənistanın Azərbaycana ərazi iddiası tarixdə ən faciəli hadisələrlə nəticələnib və milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu hər gün irəli gedirdi. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra – noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru