Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik
“Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın artan rolunu bir daha təsdiqlədi. Toplantılarda Azərbaycan və Avropa İttifaqı dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti təmsil olundu.
Bu gün dünya siyasətinin və beynəlxalq münasibətlər sisteminin əsas gündəm mövzularından biri enerji təhlükəsizliyidir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji bazarlarında qeyri-sabitliyin artdığı və iqlim dəyişikliklərinin ciddi çağırışa çevrildiyi bir dövrdə enerji resurslarının etibarlı və davamlı təchizatı dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz komponenti kimi çıxış edir. Hazırda Azərbaycanın 16 ölkəyə qaz tədarük etdiyini bildirən Siyavuş Novruzov deyib ki, ölkəmiz Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. İxrac marşrutlarının və bazarların şaxələndirilməsi enerji təhlükəsizliyinin əsas təminatıdır. Bu yanaşma Azərbaycanın uzunmüddətli və praqmatik enerji siyasətinin göstəricisidir. “Eyni zamanda, Məşvərət Şurası çərçivəsində yaşıl gündəlik mühüm yer tutur. Dövlətimizin başçısı vurğuladı ki, biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik və iqlim dəyişikliklərinin fəsadlarını görmək niyyətində deyilik. Lakin məsələyə ideoloji deyil, praqmatik və realist yanaşma vacibdir. Qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələri arasında qarşıdurma deyil, vəhdət təmin edilməlidir. Azərbaycanın qaz ehtiyatlarının uzun illər üçün kifayət etməsinə baxmayaraq, alternativ enerji sahəsinə milyardlarla dollar sərmayə yatırması balanslaşdırılmış və məsuliyyətli siyasətin bariz nümunəsidir. 2024-cü ildə Bakının ev sahibliyi etdiyi COP29 iqlim konfransı ölkəmizin yaşıl enerji sahəsində potensialını və qlobal iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisinin əldə olunması planı Azərbaycanın yaşıl transformasiya istiqamətində konkret və iddialı hədəflər müəyyən etdiyini göstərir. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları artıq təkcə enerji layihələrinin koordinasiya olunduğu platforma deyil, həm də qlobal enerji arxitekturasının formalaşmasına töhfə verən mühüm siyasi-iqtisadi mexanizmə çevrilib. Azərbaycan bu gün Avropa məkanında etibarlı enerji təchizatçısı olmaqla yanaşı, strateji tərəfdaş və yaşıl transformasiyanın fəal iştirakçısı kimi də böyük nüfuz qazanıb.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc



















