image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1772522784_1ea49dbfdf123b49907cf883f0179517

“Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik”

image-legitimaz-810x90

“Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik.”

 

Cənab Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında səsləndirdiyi fikirlər müasir dövrün əsas çağırışlarını əks etdirir. Bakıda keçirilən iclaslar Azərbaycanın təşəbbüsü ilə formalaşmış və Avropa ilə Asiya arasında enerji əməkdaşlığını gücləndirən mühüm platformaya çevrilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində baş tutub. Bu platforma illərdir ki, iştirakçı ölkələr və beynəlxalq tərəfdaşlar arasında açıq dialoqu təmin edir, enerji resurslarının təhlükəsiz, şaxələndirilmiş və dayanıqlı şəkildə çatdırılmasına xidmət edir. Xüsusilə mövcud geosiyasi reallıqlar fonunda enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Cənab Prezident iclasda qeyd etmişdir ki, “Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, – ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, – hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq”.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən dördüncü nazirlər görüşü Azərbaycanın bərpaolunan enerji sahəsində artan rolunu bir daha nümayiş etdirib. Günəş və külək enerjisi potensialının genişləndirilməsi, Xəzər dənizinin enerji imkanlarından səmərəli istifadə və yaşıl enerjinin ixracı perspektivləri ölkənin strateji prioritetləri sırasında xüsusi yer tutur. Azərbaycan bu sahədə həm etibarlı təchizatçı, həm də məsuliyyətli tərəfdaş kimi çıxış edir. Ölkənin enerji siyasəti yalnız milli maraqlara deyil, eyni zamanda regional və qlobal sabitliyə xidmət edir. Enerji layihələri müxtəlif ölkələri və şirkətləri bir araya gətirərək əməkdaşlıq və qarşılıqlı etimad mühitini gücləndirir. Müasir dövrdə enerji siyasəti artıq təkcə iqtisadi məsələ deyil, həm də ekoloji məsuliyyət, sosial rifah və gələcək nəsillər qarşısında öhdəlik deməkdir.

Bakıda keçirilən bu mühüm iclaslar bir daha sübut etdi ki, enerji təhlükəsizliyi ilə yaşıl transformasiya bir-birini tamamlayan proseslərdir. Azərbaycanın təşəbbüsləri və beynəlxalq əməkdaşlığa verdiyi töhfə isə qlobal enerji gündəliyində mühüm yer tutur. Planetimizin təhlükəsiz və təmiz gələcəyi naminə atılan hər addım isə ümumi rifah və sabitliyə xidmət edir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki