Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm.
D-8-in yaranma ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb və növbəti il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə rəsmi olaraq təsis edilib. Quruma Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi – Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. 2017-ci ilin aprel ayından D-8-ə müşahidəçi ölkə statusunda qoşulan Azərbaycan təşkilatın 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə baş tutan XI sammiti zamanı yekdilliklə ona üzv seçilib. Bununla da təşkilatın sıraları ilk dəfə genişlənməyə başlayıb. D-8 ölkələrinin böyük və tanınmış qeyri-hökumət təşkilatları, adətən, sosial və iqtisadi sahələrdə əməkdaşlıq edirlər. Belə əməkdaşlıq mühiti və D-8-in beynəlxalq çəkisi Azərbaycanın təşkilata üzv qəbul edilməsinin təsadüfi olmadığını göstərir. 2025-ci ildə ölkəmizin həm D-8, həm də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzv qəbul edilməsi Bakının regional çərçivələri aşan diplomatik fəallığını aydın şəkildə nümayiş etdirdi. Təbii ki, bu addım yalnız formal üzvlük deyil, eyni zamanda Azərbaycanın iqtisadi əməkdaşlıqdan siyasi dialoqa qədər söz sahibi olmaq niyyətinin göstəricisidir.
Prezident cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə D-8-ə üzvlüklə bağlı səsləndirdiyi fikirlərdə də bu məqam aydın şəkildə ifadə olunur: “Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər”. D-8 çərçivəsində birləşən ölkələrin ümumi əhalisinin 1 milyarddan, ümumi iqtisadi potensialının isə 4 trilyon dollardan artıq olması təsisatın qlobal miqyasını aydın şəkildə ortaya qoyur. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan üzv qəbul edildikdən dərhal sonra fəal mövqe tutaraq təşəbbüskar fəaliyyətə başlayıb. Məhz Bakının təşəbbüsü ilə ölkəmizdə media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələrini əhatə edən D-8 mərkəzlərinin yaradılması Azərbaycanın bu təşkilatda fəal və iddialı üzv olacağını açıq şəkildə nümayiş etdirir. Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi daha bir gerçəyi ortaya qoyur. Bu, ölkəmizin islam dünyasında və yüksələn iqtisadi gücə malik ölkələr arasında artan nüfuzunun artmasının göstəricisidir. İqtisadi potensial baxımından mühüm dövlətləri birləşdirən bu təşkilat Azərbaycanın yeni bazarlara çıxışı, ticarət əlaqələrinin şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Enerji, nəqliyyat və logistika sahəsində strateji üstünlüklərə malik olan Azərbaycan D-8 çərçivəsində istehlakçı və təşəbbüskar tərəfdaş kimi çıxış etmək niyyətini ortaya qoyur.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


























