Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır.
Ənənəvi olaraq keçirilən Formula 1 yarışı ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.
Son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır. Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da – Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir. Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal -Tağızadə Ziya






















