Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür
Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin dəyişiklikləri və Azərbaycanın bu yeni reallıqlara uyğun formalaşdırdığı strateji xətti aydın şəkildə ortaya qoyur. Dövlət başçısı diqqətə çatdırır ki, bu gün beynəlxalq hüququn universal norma kimi qəbul edilməsi əvvəlki təsir gücünü itirib və bir çox hallarda qlobal prosesləri artıq qanunun aliliyi deyil, güc balansı müəyyən edir. Məhz bu mürəkkəb şəraitdə Azərbaycanın əsas məqsədi milli maraqlara söykənən, eyni zamanda beynəlxalq hüquqa uyğun nəticələr əldə etmək olub və bu siyasət öz doğruluğunu praktikada sübut edib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesində atılan bütün addımların beynəlxalq hüquqa uyğun aparılması ölkəmizin mövqeyini həm regionda, həm də qlobal müstəvidə möhkəmləndirib. Yeni beynəlxalq münasibətlər erasının əsas tələblərindən biri hər bir dövlətin öz potensialına uyğun siyasət yürütməsidir və Azərbaycan bu yanaşmanı uğurla reallaşdıraraq həm region ölkələri, həm də beynəlxalq tərəfdaşlarla balanslı münasibətlər qurmağa nail olub. Dövlət başçısının çıxışlarında sülh məsələsi xüsusi yer tutur. Qafqazda uzun illər davam edən münaqişə və qarşıdurmalardan sonra regionun yeni inkişaf mərhələsinə qədəm qoyması mühüm tarixi hadisədir. Azərbaycan öz müstəqillik tarixində ilk dəfədir ki, real sülh şəraitində yaşayır və bu vəziyyət təkcə ölkəmiz üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni imkanlar açır. Ermənistanla münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçməsi, nəqliyyat və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması regionda uzunmüddətli və dayanıqlı sülh üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyev regionda sabitliyin və proqnozlaşdırılan təhlükəsizliyin ən böyük dəyər olduğunu vurğulayır. Müharibənin və işğalın ağır nəticələrini yaşamış bir ölkə üçün sülh yeganə inkişaf yoludur. Bu baxımdan Azərbaycanın daxili sabitliyi möhkəmdir və mövcud risklər əsasən region ətrafında baş verən proseslərlə bağlıdır. Dövlət siyasətinin əsas hədəfi isə məhz bu sabitliyin qorunması və regionda təhlükəsiz mühitin möhkəmləndirilməsidir.
Enerji məsələləri Azərbaycanın beynəlxalq mövqeyində mühüm yer tutur. Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları regional və qlobal bazarlara ixrac edən yeganə ölkədir. Bu gün ölkəmiz Avropa İttifaqına üzv olan dövlətlər də daxil olmaqla 16 ölkəyə təbii qaz ixrac edir. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünya miqyasında ön mövqedə dayanması ölkəmizin enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir və Avropa bazarı ilə əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Avropa Parlamentinin Azərbaycana qarşı uzun müddət davam edən qərəzli mövqeyi də dövlət başçısı tərəfindən açıq şəkildə dəyərləndirilir. Azərbaycan bu cür yanaşmalara artıq reaksiya vermir və real əməkdaşlıq platformalarına üstünlük verir. Avropa Komissiyası ilə davam edən münasibətlər qarşılıqlı maraqlara əsaslanır və bu yanaşma ölkəmizin müstəqil siyasət kursunun tərkib hissəsidir. Sülh prosesinin irəlilədiyi bir dövrdə ədalətsiz ittihamların səsləndirilməsi isə beynəlxalq qurumların öz mövqelərini yenidən nəzərdən keçirməsinin vacibliyini göstərir. Bir təhsil işçisi olaraq hesab edirəm ki, bu fikirlər gənc nəslin müasir dünya düzənini düzgün anlaması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın milli maraqlara əsaslanan, sülhü və sabitliyi prioritet sayan siyasəti ölkəmizin gələcək inkişaf yolunun aydın və məqsədyönlü olduğunu bir daha nümayiş etdirir. Davosdan səsləndirilən bu mövqe Azərbaycanın regional çərçivəni aşaraq qlobal miqyasda söz sahibi olan dövlətə çevrildiyini təsdiqləyir.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru – Dərya Əhmədova























