Bəyannamə yalnız bu günün deyil, həm də gələcəyin sənədidir
Vətən müharibəsindəki uğurumuzun arxasında duran əsas dayaqlardan biri də Türkiyə Respublikasının verdiyi prinsipial və sarsılmaz dəstəkdir. Müharibənin ilk anlarından etibarən, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açıq şəkildə Azərbaycanın yanında olduğunu bəyan etmiş, rəsmi Ankara beynəlxalq ictimaiyyəti münaqişənin ədalətli həllinə çağırmış və regionda illərlə hökm sürən ikili standartların aradan qaldırılmasına yönəlmiş siyasi mövqe nümayiş etdirmişdir. Bununla yanaşı, Türkiyənin Ermənistanla sərhədləri bağlaması və diplomatik-siyasi cəbhədə Azərbaycana tam dəstək göstərməsi, qardaş dövlətin təkcə sözdə deyil, əməldə də Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirmişdir.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə, Azərbaycan ilə Türkiyə arasında tarixi qardaşlıq münasibətlərinin rəsmi-siyasi sənəd səviyyəsində möhkəmləndirilməsi ilə yadda qaldı. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu bəyannamə, yalnız iki dövlət arasında hüquqi sənəd deyil, həm də regiona və beynəlxalq ictimaiyyətə ünvanlanmış güclü strateji mesajdır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşdığını da nümayiş etdirdi.
Şuşa Bəyannaməsi iki dövlətin müttəfiqlik münasibətlərini hüquqi əsaslara söykənən və strateji koordinasiyaya yönəlmiş şəkildə inkişaf etdirməklə, regionda və onun hüdudlarından kənarda mühüm geosiyasi nəticələr doğurur. Bu sənəd vasitəsilə Azərbaycan və Türkiyə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatçısı olduqlarını ortaya qoyurlar. Müttəfiqlik münasibətləri, yalnız hərbi və siyasi müstəvidə deyil, həm də təhlükəsizlik, diplomatiya və enerji siyasəti sahələrində də vahid yanaşma modelinin əsasını təşkil edir.
Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərinin dərinləşməsi baxımından ciddi perspektivlər yaratdı. Bu sənədin siyasi və iqtisadi dinamizmi region ölkələri üçün yeni əməkdaşlıq formatları təklif edir. Azərbaycan və Türkiyə arasında koordinasiya olunmuş regional siyasət, həm də Zəngəzur dəhlizi kimi mühüm nəqliyyat layihələrinin reallaşmasına töhfə verir. Bu, bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın əsasını təşkil edir.
Bəyannamənin mühüm təsir sahələrindən biri də iqtisadi əməkdaşlıq və investisiya mühitinin inkişafıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Türkiyənin aktiv iştirakı bu sahədə strateji tərəfdaşlığın bariz nümunəsidir. Şuşa və ətraf bölgələrin turizm, kənd təsərrüfatı və sənaye potensialı, müttəfiqlik çərçivəsində daha da inkişaf etdirilir. Yeni iqtisadi əlaqələrin formalaşması isə regionun uzunmüddətli sabitliyinə və rifahına töhfə verir.
Şuşa Bəyannaməsi, eyni zamanda Azərbaycanın və Türkiyənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. İki dövlətin hərbi və siyasi koordinasiyası, birgə həyata keçirdikləri regional layihələr və ortaq diplomatik təşəbbüslər onların beynəlxalq təşkilatlarda və qlobal forumlarda təsir imkanlarını genişləndirir.
Bəyannamə yalnız bu günün deyil, həm də gələcəyin sənədidir. O, Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji xəritəsini müəyyənləşdirir və əlaqələrin uzunmüddətli inkişaf trayektoriyasını cızır. Bu sənədin icrası sayəsində qarşıdakı illərdə hər iki ölkə arasında inteqrasiya səviyyəsi daha da yüksələcək, əməkdaşlıq yeni məzmun və forma alacaqdır. Bu isə Türk dünyasının birliyinə gedən yolda mühüm addım kimi qiymətləndirilməlidir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc